Əraqçi Moskvaya gedir: Putinlə nəyi müzakirə edəcək?
İranın xarici işlər naziri Abbas Əraqçi bazar ertəsi Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Rusiyaya səfər edəcək.
Patrul.az Reuters-ə istinadən xəbər verir ki, bu səfər nazirin İslamabadda baş tutmuş görüşlərindən sonra reallaşacaq.
Səfərin əsas məqsədi regional tərəfdaşlarla mövqeləri koordinasiya etmək və ABŞ-lə mümkün danışıqlardan əvvəl dəstək əldə etməkdir.
Məlumata görə, səfər zamanı əsas müzakirə olunacaq mövzular İran-ABŞ arasındakı gərginliklə yanaşı, Hörmüz boğazı da olacaq.
Bildirilib ki, Rusiya on illərdir iranlılar üçün strateji müttəfiqdir və onlar Moskvadan siyasi dəstək almağa çalışırlar. Bu səfərin əsas mesajı isə belə ifadə olunub:
“Biz regional və aktiv diplomatiya ilə məşğuluq, eyni zamanda, qarşıdakı günlərdə keçiriləcək hər hansı birbaşa və ya dolayı danışıqlardan əvvəl əlaqələndirmə aparmaq və daha əlverişli mühit yaratmaq üçün mövqelərimizi regional tərəfdaşlarımızla bölüşürük”.
Xatırladaq ki, şənbə günü ABŞ Prezidenti Donald Tramp nümayəndələri Stiv Vitkov və Cared Kuşnerinin İslamabada planlaşdırılan səfərini “vaxt itkisi” adlandıraraq son anda ləğv edib.
ABŞ Hərbi Dəniz Qüvvələri 13 apreldən etibarən İran limanlarına qarşı dəniz blokadası tətbiq etməyə başlayıb. Bu addım İranın neft ixracını dayandırmaq məqsədi daşıyır və regionda gərginliyi pik həddə çatdırıb.






