“Ermənilər insanlar yuxuda olarkən şəhərin üç tərəfindən hücuma keçdilər“ - ŞƏRH
“33 il əvvəl Ermənistan silahlı birləşmələri Xocalıda mülki əhalinin kütləvi şəkildə öldürməklə bəşəriyyətə və sivilizasiyaya qarşı cinayət törətdi. Xocalıda azərbaycanlılar yalnız etnik və dini əlamətə görə məhv edildilər. Öldürülənlər günahsız insanlar, qadınlar, qocalar, uşaqlar, əlillər idi”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib.
Deputat bildirib ki, Xocalıda soyqırımı törədərkən Ermənistanın istifadə etdiyi taktika erməni terror təşkilatlarının taktikası idi: “İnsanlar yuxuda olarkən şəhərin üç tərəfindən hücuma keçdilər, bir tərəfi açıq saxladılar ki, insanlar qaçdıqda onları öldürmək asan olsun.
Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında cənab Prezident İlham Əliyevin hücum diplomatiyası taktikasını müəyyən etməsi başlıca xətt oldu. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu və fondun vitse prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası öz nəticəsini verdi. Bu soyqırımı dünyanın bir sıra ölkələrində tanındı, tarix dərsliklərinə əlavə edildi. Bu gün soyqırımı qurbanlarının ruhu şaddır, onların qisası alınıb, bütün torpaqlarımız işğalçılardan azad edilib. Dövlət bayrağımız ölkəmizin hər yerində, o cümlədən Xocalıda dalğalanır.
2024-cü ilin fevralında cənab Prezident İlham Əliyevin Xocalı Soyqırımı günü bu şəhərdə memorial kompleksin təməlini qoyması və bir neçə gün öncə müvafiq sərəncamı imzalaması tarixi hadisədir. Biz Xocalı soyqırımı qurbanlarını anarkən bir daha qəti iradəmizi bildiririk ki, soyqırımı bir daha təkrar olunmamalıdır və soyqırımı törədənlər öz cəzalarını tapmalıdır”.