Ermənistan istehsalı minaların torpaqlarımızda basdırıldığı etiraf edildi
Bu gün Bakı Hərbi Məhkəməsində işğal dövründə Azərbaycan ərazilərində törədilən hərbi cinayətlərlə bağlı məhkəmə prosesi davam etdirilib. Proses zamanı təqsirləndirilən Levon Mnatsakanyan sensasion etiraflarla çıxış edib.
Patrulaz.az “Report”a istinadən xəbər verir ki, prokurorun suallarını cavablandıran Mnatsakanyan işğal olunmuş ərazilərdə həm piyada, həm də tank əleyhinə minaların basdırıldığını təsdiqləyib.
L.Mnatsakanyanın sözlərinə görə, ilkin mərhələdə Sovet İttifaqında istehsal olunmuş, sonrakı mərhələdə isə Rusiyadan alınıb Ermənistan vasitəsilə rejimə verilmiş minalar basdırılıb. “Son dövrlərdə Ermənistan Respublikasında da minalar istehsal olunurdu və bizə verilirdi”, – deyə o əlavə edib.
Xatırladaq ki, Mnatsakanyan bundan əvvəlki məhkəmə iclaslarında qondarma rejimin “ordusunun” Ermənistan silahlı qüvvələrinin bir hissəsi hesab olunduğunu demişdi.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi sabah davam etdiriləcək.






