"Ermənistan vaxt udmağa çalışır"- DEPUTAT DANIŞDI
“Terror, təxribat, təcavüz tarixən Ermənistanın dövlət siyasətinin tərkib hissəsi olub və bu gün də bu siyasət davam etdirilir. Ermənistan dövləti yalan və böhtanlar üzərində formalaşıb, hazırda da bu formalaşma özünün ən yüksək həddinə çatıb. Çünki Ermənistan müstəqil siyasət həyata keçirmək, danışıqlarda konkret fikir söyləmək, öz daxili məsələlərini həll etmək səlahiyyətində deyil. Ermənistan bir çox dövlətlərdən asılı vəziyyətdədir və onların diqtəsi ilə siyasət həyata keçirir. Bir tərəfdən Qərbə söykənir, Avropa İttifaqına arxalanır, Fransanın köməyindən, təcavüzkar məqsədlərindən istifadə edir. Digər tərəfdən isə Rusiyanı özünə arxa-dayaq olaraq görür. Bu səbəbdən də Ermənistan vəziyyətdən çıxmaq üçün bir çox təxribatlara, yalan və böhtan xarakterli əməllərə yol verir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Deputat bildirib ki, erməni pulu hesabına anti-Azərbaycan qüvvələr ölkəmizə qarşı öz mənfur niyyətlərini həyata keçirirlər: “Eyni zamanda erməniləri müdafiə edən beynəlxalq təşkilatlar da bu cür məkrli yol tutub. Təbii ki, bütün bunlar bir mərkəzdən idarə olunur.
Bu gün Ermənistan baş naziri Nikol Paşinyan, eləcə də bəzi rəsmi dairələr sülhdən danışsalar da, illərdir ki, sülh müqaviləsini imzalamaqdan qaçırlar. Lakin şərtlər, tapşırıqlar ortadadır və sülh prosesində heç bir vasitəçi qüvvəyə ehtiyac yoxdur. Azərbaycanın ərazi bütövlüyü tanınır, Ermənistan da ölkəmizə qarşı ərazi iddialarından əl çəkməli, konstitusiyasında dəyişikliyə getməlidir və bununla da sülh müqaviləsi imzalanmalıdır. Minsk qrupunun vasitəçiliyinə ehtiyac yoxdur, qarşıya qoyulan tələblərdən biri də bu qrupun ləğv edilməsidir. Çünki “Dağlıq Qarabağ” yoxdur və müharibə bitibsə, artıq hər hansı bir vasitəçiyə ehtiyac qalmır.
Ermənistan vaxt udmağa çalışır, dövlət yenidən müharibə fikrinə düşüb. Bunun üçün isə yenə də bəzi ölkələrin köməyinə ümid edirlər. Lakin bütün bunların faydası olmayacaq, Azərbaycan 44 günlük Vətən müharibəsində öz sözünü deyib. Bu gün də sülh müqaviləsi şərtlərinin dəyərləndiridiyimiz formada imzalanmasına maraqlıdır. Sözsüz ki, bu qətiyyət Azərbaycanın haqqıdır, beynəlxalq hüquq normalarına tamamilə uyğundur”.
Səbinə Hüseynli