“Əsl kişi kimi gəl” - Kadırovdan Zelenskinin “ABŞ ona da əməliyyat keçirsin” sözünə SƏRT REAKSİYA
Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-nin Maduro kimi Çeçenistan liderini qaçırması çağırışına Kadırov cavab verib.
Patrul.az xəbər verir ki, teleqram kanalında bununla bağlı paylaşım edən Kadırov qeyd edib ki, Zelenski bunu özü etmək əvəzinə, əsl kişi kimi ABŞ hakimiyyətini onu qaçırmağa məcbur etməyə çalışır.
Kadırovun sözlərinə görə, Zelenski onunla şəxsən qarşılaşmaqdan qorxur və başqasının “dəhşətli Ramzan Kadırov əmisini” cəzalandırmasını kənardan izləməyə üstünlük verir.
Kadırov həmçinin Zelenskiyə “nüfuzunu qorumağa” çalışmağı məsləhət görüb.
Çeçenistan lideri Zelenskini cəsarət göstərməyə, simasını qorumağa və alçaldılmamaq üçün çalışmağa çağırıb. O əlavə edib ki, əgər Zelenskidə kişilik varsa, sözlərinin və xahişlərinin nə qədər alçaldıcı olduğunu və sülh danışıqlarını pozmaq istəyini nə qədər açıq şəkildə nümayiş etdirdiyini başa düşərdi.
Sonda Kadırov Zelenskiyə düşmənin Çeçenistan Respublikasına girə biləcəyini, lakin oradan çıxa bilməyəcəyini xatırladıb və Zelenskinin bu riski götürməyə hazır olub-olmadığını soruşub.
Məlumat üçün bildirək ki, 2007-ci ildən bəri Rusiyanın müsəlmanların çoxluq təşkil etdiyi Çeçenistan Respublikasına rəhbərlik edən Kadırov Putinin əsas tərəfdarlarından biridir və onun Ukraynada döyüşmək üçün Rusiya ordusuna minlərlə əsgər göndərdiyi bildirilir.
Xatırladaq ki, Zelenski bundan əvvəl jurnalistlərə verdiyi açıqlamasında ABŞ-nin Venesuela Prezidenti Madurodan sonra Çeçenistan rəhbəri Ramzan Kadırovu hakimiyyətdən uzaqlaşdırmaq üçün əməliyyat həyata keçirməli olduğunu vurğulayıb:
“Budur Maduro ilə bağlı bir nümunə. Onlar bir əməliyyat keçirdilər… Nəticəni hər kəs görə bilər, bütün dünya görə bilər. Onlar bunu dərhal etdilər. Qoy adı nədirsə, Kadırovla da bir növ əməliyyat keçirsinlər”, – deyə Zelenski bildirib.
Zelenski bu təklifi ABŞ-nin Rusiya üzərində təzyiq göstərməsi və sülh prosesini təşviq etməsi üçün ciddi mesaj ola biləcəyi kimi izah edib. O qeyd edib ki, belə bir əməliyyat Moskva rəhbərliyinə “düşünmək üçün stimullar verə bilər”.
Xatırladaq ki, yanvarın 3-də Venesuelanın paytaxtı Karakasda Donald Trampın göstərişi ilə ABŞ qüvvələri hərbi əməliyyat keçirərək ölkənin Prezidenti Nikolas Maduro ilə həyat yoldaşı Silviya Floresi saxlalayaraq Nyu-York aparıblar.
Gülbəniz Səfərova






