"Əsl liderlik çətin anlarda kiminsə əlindən tutmağı bacarmaqdır" - DEPUTAT
“Bu gün tarix böyük savaşlara şahidlik edir, amma çətin anlarda göstərilən mərhəmət və dəstək ilə də nümunə olmaq lazımdır. Azərbaycanın İrana növbəti humanitar yardım göndərməsi də məhz belə addımlardandır.
Bu addımın arxasında güclü siyasi iradə və insani dəyərlərə sadiq lider dayanır – İlham Əliyev!”.
Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınması ilə bağli öz təəssüratlarını Patrul.az-a bölüşərkən səsləndirib.
Deputat bildirib ki, Azərbaycan təkcə milli maraqlarını qoruyan deyil, həm də humanizm dəyərlərini təşviq edən və çətin anlarda başqalarına dəstək göstərən nüfuzlu bir dövlətə çevrilib:
“Onun rəhbərliyi ilə Azərbaycan təkcə öz milli maraqlarını qoruyan dövlət deyil, həm də regionda və dünyada humanizm dəyərlərini təşviq edən nüfuzlu aktora çevrilib. Bu gün baş verənlər göstərir ki, əsl liderlik yalnız güc nümayiş etdirməkdən ibarət deyil, əsl liderlik çətin anlarda kiminsə əlindən tutmağı bacarmaqdır”.

E. Akimova qeyd edir ki, Azərbaycan bu addımı ilə həm soydaşlarına dəstəyini, həm də humanizmə əsaslanan qlobal və məsuliyyətli dövlət kimi mövqeyini ortaya qoyur:
“İrana göndərilən bu yardımın xüsusi mənəvi çəkisi də var. Çünki o torpaqlarda milyonlarla soydaşımız yaşayır. Onların taleyi, onların rifahı Azərbaycan üçün heç vaxt yad məsələ olmayıb. Bu yardım həm də bir mesajdır – siz tək deyilsiniz. Harada yaşamağınızdan asılı olmayaraq, Azərbaycan sizin yanınızdadır. Bu, milli birliyin sərhəd tanımayan təzahürüdür.
Bu gün İlham Əliyev artıq yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də söz sahibi olan, hadisələrin axarına təsir göstərən dünya miqyaslı lider kimi qəbul olunur. Onun apardığı siyasət nəticəsində Azərbaycan qlobal humanitar təşəbbüslərin iştirakçısına çevrilib, müxtəlif bölgələrdə ehtiyacı olan insanlara dəstək göstərən etibarlı tərəfdaş kimi tanınıb. Bu addım həm də bir daha sübut edir ki, Azərbaycan öz gücünü yalnız iqtisadi və hərbi imkanlarında deyil, həm də mənəvi dəyərlərində görür. Yardım göndərmək – bu, sadəcə resurs paylaşmaq deyil, bu, mərhəmət və sevgi paylaşmaqdır”.
Cəmilə Cəfərzadə






