Esse təhsil sistemində hansı dəyişiklikləri vəd edir? - EKSPERT RƏY BİLDİRDİ
Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında esselərin (keçmiş inşaların) tətbiqini yenidən gündəmə gətirib. Bu barədə DİM-in şöbə müdiri Natiq Əliyev rəsmi açıqlama verərək bildirib ki, esse yazısı gələcəkdə imtahanların bir hissəsi olacaq.
Esse hansı məqsədlə geri qayıdır və təhsil sistemində hansı dəyişiklikləri vəd edir?
Bu barədə təhsil eksperti Kamran Əaədov Patrulaz.az-a öz fikirlərini bölüşüb:
“Azərbaycanda ali təhsil sisteminə qəbul mexanizmləri uzun illərdir test üsulu ilə həyata keçirilir. Bu modelin mahiyyəti yaddaş yönümlü biliklərin ölçülməsi üzərində qurulub. Halbuki ali təhsil – xüsusilə magistratura səviyyəsi – daha çox analitik düşüncə, arqumentasiya və elmi ifadə bacarıqlarını tələb edir. Dövlət İmtahan Mərkəzinin magistraturaya qəbul zamanı esselərin tətbiqini gündəmə gətirməsi ilk baxışda keyfiyyətli ali təhsil üçün müsbət niyyətin göstəricisi sayıla bilər. Lakin bu ideya nə qanunvericilik, nə də təhsil strategiyası baxımından yetərli dəstəyə malikdir və nəticə etibarı ilə bu təşəbbüs yalnız mexaniki dəyişikliklərlə yekunlaşarsa, yenə də forma əsaslı islahat kimi yadda qalacaq.
Hazırkı imtahan mexanizmlərində abituriyentlərin təfəkkür səviyyəsi yox, sadəcə yaddaş gücü sınağa çəkilir. Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatına görə, 2024-cü ildə keçirilən magistratura imtahanlarında iştirak edənlərin 43 faizi açıq tipli suallar üzrə “2 baldan az” nəticə göstərib. Bu, tələbələrin yazılı fikir ifadə etmək, arqument qurmaq və əsaslandırma bacarığında ciddi çatışmazlıq olduğunu göstərir. Təsadüfi deyil ki, 2019–2024-cü illər arasında magistraturada oxuyarkən ali məktəbi tərk edən tələbələrin əsas səbəblərindən biri elmi-metodoloji yazı bacarığının yoxluğu ilə bağlı olub”.
O qeyd edib ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 3-cü maddəsinə əsasən, təhsilin məqsədlərindən biri şəxsiyyətin formalaşması, müstəqil düşüncə qabiliyyətinin inkişaf etdirilməsi və yaradıcı potensialın reallaşdırılmasıdır:
“Ancaq testlə keçirilən imtahanlar bu məqsədlərə xidmət etmədiyi üçün esselərin imtahan modelinə qaytarılması bu konstitusion və qanuni hədəflə daha uyğun görünür. Lakin təkcə yazılı tapşırıq tələb etmək kifayət deyil. Bu tapşırığın necə yoxlanacağı, hansı meyarlarla qiymətləndiriləcəyi və bunun sistemli şəkildə nəzarət altına alınacağı barədə Elm və Təhsil Nazirliyinin, eləcə də DİM-in konkret planı yoxdur.
Beynəlxalq təcrübədə qəbul zamanı yazılı bacarıqların qiymətləndirilməsi normaya çevrilib. ABŞ-da magistratura və doktoranturaya qəbul üçün tətbiq olunan GRE (Graduate Record Examinations) imtahanında “Analytical Writing” bölməsi xüsusi yer tutur və bu bölmə tələbənin məntiqi arqument qurma, sübut etmə və ideyanı strukturlu şəkildə ifadə etmə bacarığını ölçür. Birləşmiş Krallıqda universitetlər tələbələrdən akademik esse və motivasiya məktubu tələb edir. Almaniya və Fransada isə bəzi sahələr üzrə yazılı sınaq və elmi plan təqdim etmə tələb olunur. Bu nümunələr göstərir ki, ali təhsilin yuxarı pillələrinə qəbul sadəcə testlə ölçülmür, həm də tənqidi təfəkkür, məntiq və elmi yazı mədəniyyəti ilə müşayiət olunur. Azərbaycanda isə bu tələblər sistem xarakteri daşımadığı üçün esse təşəbbüsü konseptual deyil, epizodik xarakter daşıyır”.

Ekspertin fikrincə, esse tətbiqi təhsil sisteminə müəyyən dəyişikliklər vəd edə bilər:
“Bu, ilk növbədə məktəb təhsilində və bakalavr pilləsində akademik yazı bacarığının inkişafını aktuallaşdıracaq. Hazırda orta məktəbdə yazı dərsi yalnız ibtidai siniflərdə keçirilən “inşa yazı” ilə məhdudlaşır. Ali məktəblərdə isə “elmi üslub” və “metodologiya” fənləri formal keçirilir, müzakirə və yazılı təhlil mədəniyyəti formalaşmır. Esse tələbi bu boşluqları aradan qaldırmaq üçün təkanverici amilə çevrilə bilər. Lakin bu, yalnız o halda mümkün olacaq ki, tədris proqramları və müəllim hazırlığı da paralel şəkildə dəyişsin. Təəssüf ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə heç bir sistemli addım atmır, marifləndirmə işləri aparılmır, pilot layihələr həyata keçirilmir. Mövcud vəziyyətdə sadəcə DİM-in təşəbbüsü ilə esselərin tətbiqi, məktəb və universitet sisteminin bu dəyişikliyə hazır olmaması səbəbindən xaosa gətirib çıxara bilər.
Esse tələbini qiymətləndirmək üçün obyektiv meyarlar və qiymətləndirmə rubrikaları hazırlanmalıdır. Lakin DİM indiyə qədər bu istiqamətdə ictimaiyyətlə heç bir model paylaşmayıb. Əgər bu iş yalnız qiymətləndiricinin subyektiv mülahizəsinə əsaslanacaqsa, o zaman bu, ictimai narazılığın və apellyasiya şikayətlərinin artmasına səbəb olacaq. Yəni sistem şəffaflığa deyil, daha böyük etimadsızlığa yol aça bilər”.
Kamran Əsədov vurğulayıb ki, esse tətbiqi tələbələrin ali təhsildə uğur şansını artıracaq:
“Ali məktəblərdə yazı, tədqiqat və təqdimat əsaslı dərslər daha effektiv olacaq. Lakin bu dəyişikliyin köklü nəticə verməsi üçün ali məktəblərdə “akademik yazı” fənni müstəqil şəkildə keçirilməli, müəllimlər bu istiqamətdə ixtisasartırma kurslarına cəlb edilməlidir. İndiyədək Elm və Təhsil Nazirliyi tərəfindən bu sahədə nə təlim paketi, nə pilot proqram, nə də metodik vəsait hazırlanıb. Bu, təəssüf doğuran və strateji planlaşdırmanın yoxluğunu göstərən faktordur. Nazirlik yenə də prosesi kənardan müşahidəçi kimi izləyir, təşəbbüs isə parçalanmış və əlaqəsiz halda DİM və universitetlər arasında dolaşır.
Yekun nəticə etibarilə, esselərin qəbul imtahanlarına qaytarılması təşəbbüsü düzgün istiqamətdə atılmış addım sayılsa da, bu, izolyasiya olunmuş formada tətbiq olunarsa sistemə fayda deyil, zərər verəcək. Təhsil strategiyasının bütövlükdə dəyişdirilməsi, proqramların yenidən qurulması, müəllim hazırlığının təkmilləşdirilməsi və qiymətləndirmə meyarlarının şəffaflaşdırılması olmadan esselərin tətbiqi yalnız növbəti imitasiya olacaq. Təəssüf ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə heç bir strateji sənəd, yol xəritəsi və ya proqnoz açıqlamayıb. Bu isə onu göstərir ki, ölkənin təhsil siyasəti yenə də reaktiv deyil, sadəcə kosmetik və taktiki səviyyədə idarə olunur. Halbuki təhsil strategiyası milli inkişafın əsas dayağı olmalı idi”.
Ləman Sərraf






