Ətrafı alovalara bürüyən dünyanın ən dəhşətli YANĞINLARI
Son dövrlərdə dünyanın müxtəlif bölgələrində intensiv yanğınlar müşahidə olunur. İqlim dəyişikliyi nəticəsində havalar daha da istiləşir, quraqlıq artır və nəticədə yanğın riski yüksəlir. Hazırda Türkiyə, ABŞ, Azərbaycan və digər ölkələr bu təbii fəlakətlə mübarizə aparır.
Tarix boyu yanğınlar minlərlə insanın həyatına son qoyub. Bu faciəvi hadisələr nadirən təsadüf nəticəsində baş versə də, çox vaxt səhlənkarlıq və texnogen səbəblər də bu tip fəlakətləri qaçılmaz edir.
Bəs görəsən, son əsrlərdə qeydə alınmış ən dağıdıcı və ölümcül yanğınlar harada və necə baş verib?
Patrulaz.az tarixin ən qorxunc yanğınlarını təqdim edir:
London Böyük Yanğını (1666)

1666-cı ilin sentyabrında Londonda başlayan və 3 gün davam edən bu dəhşətli yanğın nəticəsində 13 minə yaxın ev külə dönmüş, şəhərin yarıdan çoxu məhv olmuşdu. Dar küçələr, taxta tikililər və sıx yaşayış səbəbindən yanğın sürətlə yayılmış, bir çox insanın həyatına son qoymuşdu. Ölənlərin dəqiq sayı məlum olmasa da, kremasiya olunduqları ehtimal edilir. Arxeoloji tapıntılar yanğın zamanı istiliyin 1250°C-yə qədər yüksəldiyini sübut edir və bu hadisə şəhərin memarlıq strukturunun yenidən formalaşmasına səbəb olmuşdur.
Böyük Çikaqo Yanğını (1871, ABŞ)

8 oktyabr 1871-ci il tarixində Çikaqoda başlayan və 30 saat davam edən yanğın nəticəsində 17 min bina dağıdılmış, 300 nəfər həyatını itirmiş, 100 mindən çox insan isə evsiz qalmışdı. Taxtadan tikilmiş binalar, isti və quru hava şəraiti ilə birləşərək alovun yayılmasını sürətləndirmişdi. Yanğından sonra şəhərin yenidən qurulması prosesi başladı və bu faciə Çikaqonu daha təhlükəsiz, planlı şəhərə çevirdi.
“Qara Şənbə” Yanğınları (2009, Avstraliya)

2009-cu ilin 7 fevralında Avstraliyanın Victoria ştatında baş verən yanğınlar ölkə tarixinin ən faciəvi meşə yanğınları kimi qeydə alınıb. Quraqlıq, ekstremal istilər və güclü külək nəticəsində 173 nəfər həyatını itirmiş, 2000-dən çox ev tamamilə yanmışdı. Hadisə o qədər böyük faciə doğurdu ki, Baş nazirin müavini Julia Gillard bu günü Avstraliya tarixinin “sülh dövründə ən qaranlıq günü” adlandırdı. Faciədən sonra meşə yanğınlarına dair Kral Komissiyası yaradıldı və təhlükəsizlik sahəsində islahatlara başlanıldı.
“Camp Fire” Yanğını (2018, Kaliforniya, ABŞ)

ABŞ tarixində ən ölümcül meşə yanğınlarından biri olan bu hadisə Kaliforniyanın Paradise şəhərini demək olar ki, xəritədən sildi. 85 nəfər həlak olmuş, 18 mindən çox tikili məhv edilmiş və 50 mindən artıq insan evlərini tərk etməyə məcbur olmuşdu. Yanğın 16,5 milyard dollar dəyərində maddi zərərə səbəb olmuş, enerji təminatçısı PG&E bu fəlakətə görə məsuliyyəti üzərinə götürərək iflas etdiyini açıqlamışdı. Şirkət 84 adam öldürmə faktını etiraf etmiş və 13,5 milyard dollarlıq təzminat ödəməyi öhdəsinə götürmüşdü.
Portuqaliya Meşə Yanğınları (2017)

2017-ci ilin iyununda baş verən və xüsusilə Pedrogao Grande bölgəsini bürüyən bu yanğın nəticəsində 60-dan çox insan avtomobillərində diri-diri yanaraq həyatını itirmişdi. Dörd ay sonra İberiya yarımadasında yenidən alovlanan yanğınlar Portuqaliyada 111, İspaniyada isə 4 nəfərin ölümünə səbəb olmuşdu. 40°C-dən yuxarı temperatur, aşağı rütubət və güclü küləklər fəlakəti daha da ağırlaşdırmışdı.
Uphaar Kinoteatr Yanğını (1997, Hindistan)

Dehlinin mərkəzində yerləşən Uphaar kinoteatrında baş verən bu yanğın 59 nəfərin tüstüdən boğularaq həyatını itirməsi ilə nəticələnmişdi. Yanğının əsas səbəbi fövqəladə çıxışların bağlı olması və təhlükəsizlik qaydalarının pozulması idi. Hadisədən sonra illərlə davam edən məhkəmə prosesi ictimai qəzəblə müşayiət olundu və Hindistan qanunvericiliyi yanğın təhlükəsizliyi sahəsində sərtləşdirildi.
Bakı, Binəqədi Binası Yanğını (2015, Azərbaycan)
2015-ci ilin 19 may tarixində Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 15 nəfər həyatını itirmiş, 60-dan çox insan müxtəlif yanıq xəsarətələri almışdı. Yanğının səbəbi kimi binanın üzlənməsində istifadə olunan keyfiyyətsiz “poliuretan” material göstərilsə də, hadisə ictimaiyyət arasında daha dərin və siyasi səbəblərlə əlaqələndirildi.
Məsələnin mahiyyətinin araşdırılması üçün dövlət komissiyası yaradılsa da, bir çoxları bunun sadəcə formal prosedur olduğunu düşündü. Hadisə ilə əlaqədar bir neçə şəxs, o cümlədən “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov məsuliyyətə cəlb olundu. Mahmudov isə özünü təqsirli bilməyərək yanğının təxribat nəticəsində baş verdiyini bildirdi. Onun sözlərinə görə, bu hadisə sabiq Milli Təhlükəsizlik Nazirliyinin təşkil etdiyi planın tərkib hissəsi olmuş, məqsəd isə həm ictimaiyyətə mesaj vermək, həm də müəyyən şəxslərdən qisas almaq idi. İllər keçməsinə baxmayaraq, bu hadisə ilə bağlı bütün suallar cavabsız qalır. Rəsmi qurumlar isə ictimaiyyətin narahatlığına kifayət qədər cavab verməkdə aciz qalıblar.
Yanğınlara səbəb olan əsas amillər:
– Təhlükəsizlik qaydalarının pozulması;
– Texniki nasazlıqlar və məsuliyyətsizlik;
– Təbii iqlim dəyişiklikləri – quraqlıq, istilər və küləklər;
– İnsan faktoru və səhlənkarlıq.
Yanğınlar yalnız binaları deyil, xatirələri və gələcəkləri də külə döndərir. Bu və bu kimi hadisələr sübut edir ki, yanğın təhlükəsizliyi yalnız texniki norma deyil, həyat qurtaran bir mədəniyyət və sosial məsuliyyətdir. Həm dövlət qurumları, həm də vətəndaşlar bu sahədə daha ciddi olmalı, hər hadisədən dərs çıxarmağı bacarmalıdır.
Gülbəniz Səfərova






