"Ətrafımızda 135 milyon türk var, reallıqla barışın!" - Paşinyan revanşistlərə səsləndi
Ermənistanın baş naziri Nikol Paşinyan seçkiqabağı təbliğat kampaniyası çərçivəsində çıxışı zamanı radikal erməni millətçilərinə və siyasi rəqiblərinə sərt xəbərdarlıq edib.
Patrul.az xəbər verir ki, regional reallıqları rəqəmlərlə etiraf edən baş nazir revanşist qüvvələri xəyal dünyasından köçməyə çağırıb.
Ermənistanın coğrafi blokadasını və demoqrafik zəifliyini diqqətə çatdıran Paşinyan ölkəsinin böyük bir türk coğrafiyası ilə əhatə olunduğunu bildirib:
“Qərbimizdə, Türkiyədə 90 milyon türk, şərqimizdə, Azərbaycanda 10 milyon türk, cənubumuzda isə İranda 35 milyon türk yaşayır. Biz neçə nəfərik? 3 milyon erməni. Xəyal dünyamızdan çıxıb reallıqları görməliyik”.
Baş nazir vurğulayıb ki, 3 milyonluq Ermənistan əhalisinin bu böyük güclərlə hərbi və siyasi qarşıdurmaya tab gətirməsi qeyri-mümkündür. O, “Böyük Ermənistan” ideologiyasının və revanşizm xülyalarının ölkəni növbəti fəlakətlərə sürüklədiyini vurğulayıb.
Paşinyanın sözlərinə görə, qonşu dövlətlərlə normal münasibətlər qurulmayacağı təqdirdə, Ermənistanın müstəqil bir dövlət kimi sağ qalması sual altına düşəcək.






