media-inshot_20260130_160516557

Azərbaycan ailə hüququnda aliment məsələsi cəmiyyət arasında tez-tez yanlış başa düşülən mövzulardan biridir. İnsanlar adətən hesab edirlər ki, aliment yalnız boşanma başa çatdıqdan sonra ödənilə bilər. Lakin hüquqi baxımdan alimentin alınması üçün boşanma mütləq şərt deyil. Əslində, evlilik dövründə də ər-arvad bir-birinə müəyyən maliyyə dəstəyi göstərməyə borcludur və uşaqların ehtiyaclarının təmin edilməsi prioritet hesab olunur.

Bəs evlilik dövründə aliment almaq üçün hansı hüquqi prosedurlar mövcuddur?

Bu barədə vəkil Roman Qaraşov Patrul.az-a açıqlamasında bildirib ki, aliment tələbi uşağın mənafeyinin qorunması üçün boşanma olmadan da, mediasiya və ya məhkəmə yolu ilə təmin edilə bilər:

“Azərbaycan Respublikasının ailə qanunvericiliyində aliment hüququ yalnız nikahın pozulması faktına bağlanmır. Nikah hüquqi qüvvədə qaldığı halda belə, uşaq faktiki olaraq valideynlərdən hansının yanında yaşayır və onun saxlanması, gündəlik xərcləri əsasən həmin valideynin üzərində qalırsa, həmin şəxs uşağın təminatı üçün digər valideyndən aliment tələb etmək hüququna malikdir. Belə tələblər boşanma məsələsindən asılı olmadan, uşağın mənafeyinin qorunması və valideynin uşağa qarşı maddi təminat öhdəliyi ilə əsaslandırılır. Prosedur baxımından, bu cür mübahisələrdə əvvəlcə mediasiya qaydasında razılığa gəlmək mexanizmi tətbiq olunur: tərəflər alimentin məbləği və ödənilmə qaydası barədə razılıq əldə etməyə çalışır. Razılıq əldə olunmadıqda isə maraqlı şəxs məhkəməyə iddia ərizəsi ilə müraciət edir və qarşı tərəfi cavabdeh qismində göstərməklə aliment tələbinin təmin olunmasını istəyir”.media-img-20260130-wa0047

Vəkil qeyd edib ki, aliment məbləği uşaqların sayına görə gəlirdən pay və ya sabit minimum məbləğ əsasında müəyyən edilir və məhkəmə uşağın ehtiyaclarını nəzərə alaraq bunu tənzimləyə bilər:

“Məhkəmə alimenti müəyyən edərkən, adətən uşaqların sayına uyğun olaraq gəlirdən pay prinsipi tətbiq edilir: 1 uşağa görə 1/4, 2 uşağa görə 1/3, 3 və daha çox uşağa görə 1/2. Bununla yanaşı, məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşağın real ehtiyaclarını və iş üzrə əhəmiyyətli digər halları nəzərə alaraq bu payları azalda və ya artıra bilər.

2026-cı ilin 1 yanvarından sabit pul məbləğində müəyyən olunan alimentin minimum məbləği 246 manatdan 260 manata qaldırılıb. Bu dəyişiklik xüsusilə işləməyən, rəsmi gəliri olmayan, yaxud gəliri sənədlərlə sabit şəkildə təsdiqlənməyən şəxslərə münasibətdə daha aktualdır. Çünki belə hallarda aliment çox zaman gəlirdən payla deyil, sabit pul məbləği formasında müəyyən edilir və sabit məbləğ müəyyən edilərkən uşağın minimal sosial təminatı və yaşayış minimumu göstəriciləri əsas götürülür”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər