"Facebook" və "İnstagram"da ödənişli abunə sistemi nə deməkdir? - ŞƏRH
Dəyişən inkişafda olan “Meta” şirkəti son günlər şəxsi məlumatların reklam məqsədilə istifadəsi ilə bağlı tənqidlərdən sonra yeni qərarını açıqlayıb. Şirkət istifadəçilərə “Facebook” və “Instagram” platformalarında seçim imkanı təqdim edəcək: ya əvvəlki kimi ödənişsiz, lakin reklamlı istifadə, ya da ödənişli və reklamsız abunə əsasında xidmətlərdən yararlanmaq mümkün olacaq.
Bu qərarın müsbət və mənfi tərəfləri nələrdir?
Bu barədə Strateji Kommunikasiya üzrə ekspert Səfər Aslanov Patrulaz.az-a açıqlamasında bildirib ki, “Meta” uzun müddətdir Avropa Komissiyası və məhkəmələr tərəfindən şəxsi məlumatların reklam üçün istifadəsinə görə tənqid olunur və cərimələr ödəyir, çünki gəlirlərini əsasən hədəflənmiş reklamlardan əldə edir:
“Avropa Birliyi uzun illərdir ki, şəxsi məlumatların qorunması ilə bağlı ən sərt qaydaları tətbiq edən qurumlardan biridir. Xüsusilə GDPR (General Data Protection Regulation) – Ümumi Məlumatların Qorunması Qaydaları 2018-ci ildən qüvvədədir və bütün şirkətlərdən istifadəçilərin məlumatlarını necə topladıqları, saxladıqları və paylaşdıqları barədə açıq və şəffaf olmağı tələb edir.
“Meta” uzun müddətdir ki, Avropa Komissiyası və məhkəmələr tərəfindən şəxsi məlumatların reklam məqsədilə istifadəsinə görə tənqid olunur və hətta cərimələr ödəyib. Çünki şirkət əsasən reklam gəlirlərinə söykənir və bu gəlirin böyük hissəsi istifadəçilərin davranışlarına, maraqlarına və şəxsi məlumatlarına əsaslanan hədəflənmiş reklamlardan gəlir.
Təkcə 2023-cü ildə Meta, İrlandiya Məlumatların Qorunması Komissiyası (DPC) tərəfindən 2023-cü ildə GDPR-ı pozduğu üçün 1,2 milyard avro məbləğində cərimələnmişdi. Ümumilikdə isə 2018-2025 dövründə GDPR çərçivəsində ümumilikdə 2 245 cərimə qeydə alınıb, cərimələrin ümumi məbləği isə təqribən 5,65 milyard avro təşkil edib.
İstifadəçi davranışı tərəfdən baxsaq isə Cornel Universtetinin araşdırlmasına görə GDPR-ın qüvvəyə mindiyi ilk dövrdə (2018) istifadəçi sayında və istifadə intensivliyində azalmalar müşahidə olunub. Məsələn, 6 286 vebsayt üzərində aparılmış tədqiqat GDPR-dan əvvəlki 10 ayla müqayisədə 3 ay sonra orta hesabla həftəlik ziyarətlərin 4,9%, 18 ay sonra isə 10% azaldığını göstərib. E-ticarət saytları üçün bu azalmalar 7 milyon ABŞ dolları civarında gəlir itkisi ilə nəticələnib; reklam əsaslı vebsaytlar üçün isə 18 ay ərzində təxminən 2,5 milyon dollar gəlir itirilməsi qeyd olunub”.

S.Aslanov vurğulayır ki, “Meta” şirkətinin verdiyi qərar həm istifadəçilər, həm də şirkət üçün bir sıra müsbət və mənfi tərəflərə malikdir:
“Meta” şirkətinin verdiyi qərar həm istifadəçilər, həm də şirkətin özü üçün bir sıra müsbət və mənfi tərəflərə malikdir. Müsbət tərəfi ondan ibarətdir ki, istifadəçilər artıq seçim azadlığı əldə edirlər. İstəyən əvvəlki kimi ödənişsiz, lakin reklamlı versiyadan istifadə edə, istəyən isə ödənişli, reklamsız abunəyə keçə bilər. Bu, xüsusilə şəxsi məlumatların məxfiliyinə həssas yanaşan insanlar üçün faydalıdır. Reklamsız versiya həmçinin daha rahat və diqqəti yayındırmayan istifadəçi təcrübəsi təqdim edir. Digər tərəfdən, “Meta” şirkəti yalnız reklam gəlirlərindən asılı qalmır və abunə ödənişləri sayəsində əlavə gəlir əldə edir.
Bu yanaşma Avropa Birliyinin məxfilik tələblərinə uyğun gəlir, çünki əsas prinsip budur: “İstifadəçi özü qərar verməlidir ki, şəxsi məlumatları hansı formada işlədilsin”. “Meta” bu seçim imkanını verərək həm hüquqi riskləri azaldır, həm də tənzimləyici qurumların təzyiqindən qismən çıxmış olur.
Bununla yanaşı, qərarın mənfi tərəfləri də var. İlk növbədə, sosial bərabərsizlik yaranır, çünki hər kəs ödənişli abunəyə keçə bilmir və nəticədə reklamsız xidmət müəyyən qədər “lüks” xidmətə çevrilir. İllərlə pulsuz istifadə etdikləri bir platforma üçün indi pul ödəmək məcburiyyəti istifadəçilərdə narazılıq yarada bilər. Digər tərəfdən, reklamlı versiya daha çox yüklənərək istifadəçi təcrübəsini zəiflədə bilər. Reklamverənlər üçün də vəziyyət çətinləşə bilər, çünki ödənişli abunəçilərin sayı artdıqca reklam auditoriyası daralır”.
Ekspert qeyd edir ki, ödənişli abunə az olsa, “Meta” gəlir itirə bilər; qərar isə sosial və iqtisadi nəticələr doğurur:
“”Meta” üçün də risk mövcuddur: əgər çox az insan ödənişli abunəyə keçərsə, şirkət həm reklamdan, həm də abunədən gözlədiyi gəliri əldə edə bilməyəcək.
Ümumilikdə, bu qərar istifadəçilərə daha çox seçim imkanı versə də, həm sosial, həm də iqtisadi nəticələri qaçılmaz olacaq”.
Cəmilə Cəfərzadə






