media-inshot_20250825_193903933

Cəmiyyətimizdə borc almaq və vermək müxtəlif formalarda mövcuddur. Azərbaycanda geniş yayılmış hallardan biri də faizlə borc götürməkdir. İnsanlara ilk baxışda “rahat yol” kimi görünsə də, əslində bu, çox vaxt çarəsizlikdən yaranan bir seçimdir. Borc alan şəxs qısa müddətdə ehtiyacını ödəsə də, zaman keçdikcə aldığı məbləğdən də artıq pul qaytarmaq məcburiyyətində qalır. Bir sözlə, faiz verdiyin pulun müəyyən müddətdən sonra artıqlaması ilə geri qayıtmasıdır.

Bildiyimiz kimi faizlə pul götürmək, onun pulunu yemək İslam dininə görə də düzgün qəbul edilmir və haram sayılır.

Mövzu barəsində Patrulaz.az-a illahiyyatçı Ağa Hacıbəyli öz fikirlərini bölüşüb.

İlahiyyatçının fikrincə, faiz pulu yemək İslam dininə görə haram olmaqla yanaşı, Allah və onun Rəsuluna müharibə elan etmək sayılır:

“İslam dinində halal və haramı təyin edən vəhiy kitabıdır. Yəni, öncə Allah təala öz dilində nəyin haram və ya halal olduğunu bəyan edib. Faizə pul almaq da həmin haram kateqoriyası içərəsində yer alıb. Xüsusilə, Bəqərə sürəsinin 275 və 279-cu ayələrində bu barədə məlumatlar verilib. Surənin ilk olaraq, 275-ci ayəsində bildirilib ki, faiz pulu yeyənlər şeytanın vurduğu bir insan kimi qiyamət günü qəbrindən qalxacaq. Amma bu surənin 279-cu ayəsində isə Allah faizin daha təhlükəli və daha dərin qatlarında olan faciəvi tərəflərini izah edir. Burada faiz “Allah və onun Rəsuluna qarşı hərb” kimi qiymətləndirilir. Düşünün ki, yer üzündə bir insan “fazi baronun”a çevrildiyi andan Allah və onun Rəsuluna qarşı müharibə elan etmiş olur”.

A.Hacıbəyli faizi bataqlığa bənzədərək qeyd edir ki, onun bir tərəfində yalnız öz mənfəətini güdənlər, digər tərəfində isə fəqirlər dayanır.

Onun sözlərinə görə, faiz təkcə iqtisadi ədalətsizlik yaratmır, həm də qohumluq əlaqələrini sarsıdır və cəmiyyətdə güvənsiz mühit formalaşdırır:

“Açığı desəm, faiz bir bataqlıqdır. Çünki, orada alın təri, insanların əl qabarı, zəhməti, zəka təri əriyib gedir. Cəmiyyətin bir tərəfində havayı pul qazanan “baronlaşan” insanlar, diigər tərəfində isə “fəqirləşən” adamlar olur.

Faiz əxlaqi cəhətdən də çox böyük bir fəlakətdir. Çünki insanlarda dəstəkvermə anlayışı nə qədər çox olarsa, cəmiyyətin içərisində də güvən bağları o qədər qüvvətli olar. Amma faizin olduğu yerdə daim insanın şəxsi mənfəəti hakim olur və orada nə Allah düşüncəsi, nə peyğəmbər şüuru, nə insanlıq, nə də əxlaqi dəyərlər yer alır. Burada yalnız faiz verən adamın özünün şəxsi maraqları olur. Hətta, istər qardaş, istərsə də ən yaxın qohum-əqrəba olsun, faiz hamsıyla bütün yaxın bağları qoparıb bir kənara atır. O insanlarda milli şüur yoxdur və onlar yalnız özlərini düşünən bir varlığa çevrilirlər. Allah təala bir işi əgər qadağan edibsə, bu onun xeyrinədir. O işlər ki, haramdır, bu həm insanlığın, həm də cəmiyyətin əleyhinədir. Bu baxımdan da biz faizi belə qiymətləndirə bilərik”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər