Filə pivə içirən turist axtarışa verildi
Keniyada bir ispan turistin filin gövdəsinə pivə tökdüyü görüntülər sosial şəbəkələrdə qəzəb doğurub.
Patrulaz.az “BBC News”a istinadən xəbər verir ki, hadisə Laikipiya bölgəsində yerləşən Ol Jogi Konservansiyasında baş verib.
Görüntülərdə turistin məşhur pivə markası “Tusker” içdiyi, qalanını isə filə verdiyi əks olunub.
Qoruq işçisi isə görüntüləri gördükdən sonra şoka düşərək, bundan xəbərinin olmadığını dilə gətirib.
“Bu, heç vaxt baş verməməli idi. Biz təbiəti qoruyuruq və insanların fillərə yaxınlaşmasına belə icazə verilmir”,- deyə o bildirib.
Həmçinin, məlum olub ki, turist yaxınlıqdakı təbiət qoruğunda da kərgədana yerkökü verib. Qoruq nümayəndələrinin bildirdiyinə görə, ziyarətçilərə kərgədanlara toxunmaq da qadağan edilib və bu ciddi qayda pozuntusu kimi qəbul edilir.
Məlumata görə, etdiyi əməlləri sosial şəbəkədə paylaşan turistin yayımladığı videolar barəsində araşdırmalara başlanılıb.
Qeyd edək ki, turistin kadrlarında görünən filin 1989-cu ildə ovdan xilas edilərək qoruğa gətirilmiş məşhur öküz fil Bupa olduğu ehtimal edilir.
Gülbəniz Səfərova






