Fransa borcuna görə ölkəsində keçiriləcək bayramları ləğv etmək istəyir
Fransanın baş naziri Fransua Bayru ölkənin artan dövlət borcunu azaltmaq məqsədilə “Pasxa Bazar ertəsi” və 8 May Qələbə Gününün iş günü elan olunmasını təklif edib.
Patrulaz.az “The Guardian”a istinadla xəbər verir ki, 2026-cı il büdcəsini açıqlayan baş nazir bildirib ki, Fransa ÜDM-in 5,8%-ni təşkil edən büdcə kəsirini Aİ-nin tələb etdiyi 3%-ə endirmək üçün təcili tədbirlər görülməlidir.
“Bütün xalq daha çox çalışmalıdır ki, bütövlükdə ölkənin fəallığı artsın və Fransanın vəziyyəti yaxşılaşsın. Hər kəs səylərə öz töhfəsini verməlidir”, – deyə Bayru vurğulayıb.
O, dövlət xərclərində 43,8 milyard avro azalma və 3,3 trilyon avroluq dövlət borcunun cilovlanması üçün pensiyaların dondurulması, rifah və səhiyyə xərclərinin azaldılması kimi tədbirlər də irəli sürüb.
Qeyd edək ki, bu təkliflər müxalifət partiyalarının ciddi etirazına səbəb olub. İfrat sağçı Milli Rally partiyasının lideri Jordan Bardella deyib:
“İki bayramın ləğvi tariximizə, köklərimizə və işləyən Fransaya birbaşa hücumdur.” Sosialist deputat Boris Vallaud isə təklifi “qəddar və qəbuledilməz büdcə” adlandırıb.
Baş nazirin parlamentdə kifayət qədər dəstəyə malik olmaması səbəbindən oktyabrda büdcə layihəsi etimadsızlıq sınağı ilə üzləşə bilər.






