Fransada bu dəfə Prezident sarayı qarət olundu - TƏFƏRRÜATLAR
Fransada bu dəfə oğurluq hadisəsi ölkənin ən mühüm rəsmi məkanlarından biri – Prezident Sarayı olan Yeliseydə baş verib.
Patrul.az Fransa mediasına istinadən xəbər verir ki, Yelisey Sarayında rəsmi şam yeməkləri və dövlət qəbulları zamanı istifadə olunan qab-qacaq inventarında ciddi çatışmazlıqlar aşkarlanıb.
Məsələ ilə bağlı vəziyyətin araşdırılması məqsədilə Paris Prokurorluğu tərəfindən istintaq başladılıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Fransanın ən nüfuzlu və dəyərli məmulatları hesab edilən Sevr çini boşqabları, fincanları və müxtəlif süfrə əşyaları saraydan yoxa çıxıb.
Aparılan istintaq çərçivəsində Yelisey Sarayının üç əməkdaşı şübhəli qismində saxlanılıb.
Şübhəlilərdən birinin evində aparılan axtarış zamanı saraydan oğurlandığı ehtimal edilən 100-dən çox çini və süfrə qabı, o cümlədən “Sevr” çini məmulatları, “Baccarat” markalı qədəhlər və mis mətbəx əşyaları aşkar edilib.
Araşdırma zamanı müəyyən edilib ki, oğurlanan qiymətli əşyaların bir hissəsi onlayn satış platformaları vasitəsilə satışa çıxarılıb.
Hadisə nəticəsində Prezident sarayına dəyən maddi ziyanın 15 min avrodan 40 min avroya qədər olduğu bildirilib.
Qeyd edək ki, şübhəlilər məhkəmə nəzarəti altında sərbəst buraxılıb, cinayət işinin isə 2026-cı ilin fevral ayında məhkəməyə təqdim olunması planlaşdırılır.
Hazırda Yelisey Sarayında baş vermiş oğurluq faktı üzrə istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, bundan əvvəl də Fransanın məşhur Luvr Muzeyində Napoleona məxsus və digər qiymətli eksponatların oğurlanması ölkədə geniş müzakirələrə səbəb olmuşdu.
Gülbəniz Səfərova






