media-inshot_20251201_112945454

Hollandiya Liqasının 14-cü turunda keçirilən “Ayaks” – “Qroninqen” qarşılaşması fanatların yaratdığı təhlükə səbəbilə yarımçıq dayandırılıb.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, bazar günü saat 19:00-da Johan Cruyff Arenada keçirilən matçın cəmi 6-cı dəqiqəsində “Ayaks” azarkeşləri bu ay vəfat edən klubun məşhur “xuliqan” qrupunun üzvü Tumu anmaq üçün tribunada onlarla məşəl və pirotexniki vasitə yandırıblar. Atəşfəşanlıq meydançaya düşdüyü üçün futbolçular təhlükəsizlik məqsədilə arenanı tərk edib.

Hadisədən dərhal sonra hakim görüşü dayandıraraq komandalara paltardəyişmə otağına qayıtmaq göstərişi verib. Oyunun tam ləğv olunması barədə qərar çıxarılmadan öncə futbolçular meydandan çıxarılıb.

“Ayaks” klubunun rəsmi açıqlamasında baş verənlər “açıq-aşkar qalmaqallı” və “qəbuledilməz” adlandırılıb:

“Tamaşaçıların və oyunçuların təhlükəsizliyi təhlükə altındadır. Bu, tamamilə qəbuledilməzdir. Bu qanunsuzluqdan açıq şəkildə uzaqlaşırıq. Stadiona pirotexnika daxil etmək olmaz”.

Klub bildirib ki, oyundan əvvəl sözügedən tribunada olan fanatlar yoxlanılıb və xüsusi təlim keçmiş itlərdən istifadə olunub. Bununla belə, pirotexnikanın stadiona necə keçirildiyi araşdırılır və günahkarların cəzalandırılacağı bildirilib.

Qeyd edək ki, bu, “Ayaks”ın oyununun pirotexnika səbəbilə ilk dəfə yarımçıq qalması deyil. 2023-cü ilin sentyabrında “Feyenoord”la qarşılaşma da azarkeşlərin dəfələrlə meydançaya fişəng atması səbəbilə dayandırılmışdı.

Gülbəniz Səfərova


Bənzər xəbərlər