Gecə düşəndə problemlər niyə böyüyür? - Psixoloq Açıqladı
Gündüz saatlarında bizi məşğul edən işlər, insanlar və gündəlik qayğılar problemlərin ağırlığını bir qədər azalda bilir. Amma gecə sakitlik çökəndə düşüncələr daha çox ön plana çıxır və kiçik görünən narahatlıqlar belə böyüyərək insanı sıxmağa başlayır.
Bəs insan niyə gecələr problemlərini daha ağır və həllolunmaz görür?
Bu barədə psixoloq Nizami Orucov Patrul.az-a öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, gecələr diqqətin daxili düşüncələrə yönəlməsi və beynin yorğun olması problemlərin olduğundan daha böyük görünməsinə səbəb olur:
“İnsanların bir çoxu gecə saatlarında problemlərini gündüzə nisbətən daha ağır və həllolunmaz görür. Bu, sadəcə hiss deyil, müəyyən psixoloji və bioloji səbəblərlə əlaqəlidir.
Gündüz vaxtı insan iş, təhsil, ünsiyyət və digər fəaliyyətlərlə məşğul olduğu üçün diqqəti müxtəlif istiqamətlərə yönəlir. Gecə isə ətraf stimul azalır, sakitlik artır və beyin daha çox daxili düşüncələrə fokuslanmağa başlayır. Nəticədə narahat edən fikirlər daha qabarıq görünür. Bundan əlavə, yorğunluq da mühüm rol oynayır. Günün sonunda həm fiziki, həm də zehni resurslarımız azalır. Yorğun beyin problemləri analiz etməkdə daha pessimist ola bilir. Buna görə gündüz idarəolunan görünən məsələ gecə saatlarında həddindən artıq böyük və qorxuducu təsir bağışlaya bilər”.
N. Orucov qeyd edir ki, gecə saatlarında yorğun beyin problemləri daha ağır və həllolunmaz göstərdiyi üçün həmin vaxt verilən qərarları səhər yenidən qiymətləndirmək tövsiyə olunur:
“Araşdırmalar göstərir ki, yuxusuzluq və gec saatlar emosiyaların tənzimlənməsini çətinləşdirir. İnsan həmin vaxtlarda gələcəklə bağlı narahatlıqlara, peşmançılıqlara və mənfi ssenarilərə daha çox meyl göstərir. El arasında deyilən “gecə verilən qərarı səhər yenidən düşün” ifadəsinin də müəyyən psixoloji əsası var. Bu səbəbdən gecə saatlarında yaranan hər düşüncəni obyektiv həqiqət kimi qəbul etmək düzgün deyil. Bəzən problem dəyişmir, sadəcə onu qiymətləndirən beynin yorğunluğu dəyişir”.

Psixoloq bildirir ki, gecələr problemlər adətən daha böyük görünür, çünki yorğunluq və emosional həssaslıq vəziyyəti reallıqdan daha ağır qiymətləndirməyimizə səbəb olur:
“Psixoloqların tez-tez vurğuladığı bir fikir var: əgər bir problem sizə gecə saat 2-də həllolunmaz görünürsə, onu səhər yenidən qiymətləndirin. Çox vaxt səhər eyni məsələ daha idarəolunan və real görünür.
Qısacası, gecələr problemlərin böyüməsinin əsas səbəbi problemlərin özünün dəyişməsi deyil, yorğunluq, tənhalıq hissinin artması, diqqətin daxilə yönəlməsi və emosional tənzimləmənin zəifləməsidir. Buna görə də gecə saatlarında özünüzə qarşı daha anlayışlı olmaq və vacib qərarları mümkün qədər səhərə saxlamaq faydalıdır”.
Cəmilə Cəfərzadə






