Gecənin ən yaxşısı seçildi, amma yenə də üzr istədi - VİDEO
UEFA Çempionlar Liqasının VI turu çərçivəsində dünən Bakıda baş tutan və 2:4 hesablı məğlubiyyətlə nəticələnən “Qarabağ”- “Ayaks” oyunu bir çox hadisələri ilə yadda qalıb.
Patrul.az xəbər verir ki, matçın diqqət çəkən məqamlarından biri də komandamızın qapıçısı Mateuş Koxalskinin mübarizəsi olub.
Rəqibin təhlükəli hücumlarını dəf edən Koxalski “Ayaks”a qarşı etdiyi seyv ilə Çempionlar Liqasında gecənin ən yaxşıları sırasında yer alıb.
Belə ki, 25 yaşlı qolkiperin Niderlandın “Ayaks” komandasına qarşı oyundakı seyvi “7-liy”ə düşüb. Bu barədə turnirin rəsmi səhifəsi paylaşım edib.
Lakin dəf edə bilmədiyi rəqib qollarını məyus və əsəbiliklə qarşılayan Polşalı qapıçı gecənin ən yaxşısı seçilməsinə baxmayaraq, oyundan sonra “Bu gün üçün üzr istəyirik” ifadəsini işlədib.
Xatırladaq ki, dekabrın 26-da “Qarabağ”ın İtaliyada “Napoli” ilə baş tutan və 2:0 hesablı məğlubiyyətlə nəticələnən oyununda da Koxalski 8 seyvi ilə yadda qalıb.






