media-inshot_20260424_193317238

Son dövrlərdə müxtəlif səbəblərdən – texniki nasazlıqlar, hava şəraiti, təşkilati problemlər və ya daşıyıcının qərarları nəticəsində səfərlərin ləğvi və ya gecikməsi halları artmaqdadır. Bu isə sərnişinlərin ödədikləri biletlərin taleyi və onların hüquqları ilə bağlı sualları gündəmə gətirir. Mövcud qanunvericiliyə əsasən, müəyyən hallarda sərnişinlər biletin tam və ya qismən geri qaytarılmasını tələb edə, alternativ səfər və ya kompensasiya hüququndan yararlana bilərlər.

Bəs ləğv edilən və ya baş tutmayan səfərlər zamanı biletin geri qaytarılması konkret hansı hallarda mümkündür və bu zaman sərnişinin hüquqları nədən ibarətdir?

Bununla bağlı 30 saylı Vəkil Bürosunun vəkili Ramil Vəliyev Patrul.az-a öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, səfər daşıyıcının günahı ucbatından baş tutmadıqda, sərnişin ödədiyi bilet məbləğinin geri qaytarılmasını tələb etmək hüququna malikdir:

“Ləğv edilən və ya baş tutmayan səfərlər üçün alınmış biletin qaytarılması, ilk növbədə, sərnişinin aldığı xidmətin faktiki göstərilməməsi ilə bağlıdır.

Daşıyıcı səfəri ləğv etdikdə, reys baş tutmadıqda və ya sərnişini təyinat yerinə aparmaq öhdəliyini icra etmədikdə, sərnişin biletin dəyərinin qaytarılmasını tələb edə bilər. Bu tələb “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun ümumi məntiqinə uyğundur, çünki həmin qanun xidmət göstərilməsi zamanı istehlakçı ilə icraçı arasında yaranan münasibətləri tənzimləyir.

Hava daşımalarında bilet və daşıma sənədləri daşıma müqaviləsinin rəsmiləşdirilməsi vasitəsi kimi çıxış edir. Əgər səfər daşıyıcının təşəbbüsü və ya ondan asılı səbəblərlə ləğv olunubsa, sərnişinin əsas hüququ ödədiyi məbləği geri almaqdır”.

R. Vəliyev qeyd edir ki, sərnişin gecikmə və ya ləğv zamanı ya alternativ səfər seçə, ya da bileti geri qaytara bilər:

“Sərnişin həmçinin mümkün olduqda eyni istiqamət üzrə alternativ səfər, başqa reysə dəyişiklik və ya marşrutun dəyişdirilməsini tələb edə bilər. Daşıyıcı bu seçimləri şəffaf şəkildə izah etməli və sərnişini yalnız özünə sərf edən varianta məcbur etməməlidir. Səfər təxirə salındıqda sərnişin gecikmənin müddəti, səbəbi və gözlənilən çıxış vaxtı barədə məlumat almaq hüququna malikdir.

Gecikmə sərnişinin səfər məqsədini mənasız edirsə, məsələn tədbirə, işgüzar görüşə və ya bağlantılı reysə çatmaq mümkün olmursa, biletin qaytarılması tələbi daha əsaslı olur”.

media-img-20260424-wa0059

Vəkil bildirir ki, xidmət göstərilmədikdə sərnişinin ödənişi qanunsuz tutulmalar olmadan geri qaytarılmalıdır:

“Sərnişin səfərdən özü imtina etdikdə isə qaytarılma şərtləri biletin tarifindən, daşıma qaydalarından və imtinanın nə vaxt edilməsindən asılı ola bilər. Güzəştli və ya qaytarılmayan tariflərdə belə, daşıyıcının səfəri ləğv etməsi halında sərnişinin pulunun tam saxlanılması ədalətli hesab edilə bilməz.

Biletin qaytarılması zamanı daşıyıcı xidmət haqqı, komissiya və ya cərimə adı ilə qanunsuz tutulmalar etməməlidir. Əgər sərnişinə ümumiyyətlə xidmət göstərilməyibsə, tutulmalar yalnız qanunla və ya əvvəlcədən açıq bildirilmiş müqavilə şərti ilə əsaslandırıla bilər. Sərnişin ödəniş qəbzini, elektron bileti, SMS və e-poçt bildirişlərini, ləğv və ya gecikmə barədə məlumatları sübut kimi saxlamalıdır.

Müraciət əvvəlcə daşıyıcıya və ya bileti satan platformaya yazılı formada edilməli, qaytarılmalı məbləğ və səbəb aydın göstərilməlidir”.

R. Vəliyevin sözlərinə görə, daşıyıcı tələbi rədd edərsə, sərnişin şikayət verə və məhkəmə yolu ilə pulunun və dəymiş zərərin ödənilməsini tələb edə bilər:

“Daşıyıcı tələbi əsassız rədd edərsə, sərnişin istehlakçı hüquqlarının müdafiəsi üzrə aidiyyəti dövlət qurumlarına şikayət verə bilər. Mübahisə həll olunmadıqda sərnişin məhkəməyə müraciət edərək biletin dəyərinin, dəymiş zərərin və mümkün hallarda əlavə xərclərin ödənilməsini tələb edə bilər. Əlavə xərclərə yeni bilet almaq, gecələmə, transfer və ya ləğv nəticəsində yaranmış digər zəruri xərclər daxil ola bilər.

Beləliklə, ləğv edilən və ya baş tutmayan səfərdə sərnişinin əsas hüquqları pulun qaytarılması, alternativ daşınma, vaxtında məlumatlandırılma, sübutların qəbul edilməsi və pozulmuş hüquqların məhkəmə qaydasında bərpa edilə bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər