“Gələcəkdə iki ölkə arasındakı münasibətlər bütün sahələri əhatə edərək zirvəyə qalxacaq” - DEPUTAT
“Gürcüstan və Azərbaycan tarixən qonşu dövlətlər olması ilə yanaşı, çox dərin mədəni köklərə, dostluğa söykənən münasibət sərgiləyiblər. İki ölkə Sovet İttifaqının tərkibində olan dövrlərdə də bir çox layihələrin icrasında iki qonşu respublika kimi fəaliyyət göstərib. Digər tərəfdən, Azərbaycan və Gürcüstan siyasi, iqtisadi, ticari və digər sahələrdə əməkdaşlığın qurulması baxımından böyük təcrübə qazanıblar”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.
O, təəssüf hissi ilə bildirib ki, 1991-1993-cü illərdə Gürcüstanda hakimiyyətdə olan Zviad Qamsaxurdiyanın dövründə bu iki ölkə arasında problemlər yaşanıb:
“Belə ki ultramillətçi olan Qamsaxurdiya qeyri-konstruktiv siyasət sərgiləmişdi. Bu məsələ 1993-cü ildə Azərbaycanda Ulu Öndər Heydər Əliyevin, Gürcüstanda isə Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi ilə sona çatır və iki ölkə arasında yeni bir səhifə açılır. 1995-ci ildə Gürcüstan Azərbaycanda, 1996-ci ildə isə Azərbaycan Gürcüstanda səfirliklərini açır.
Gürcüstanda yeni seçilmiş prezidentlərin, o cümlədən, səfirlərin ilk səfərlərini Azərbaycana etməsi artıq ənənə halını alıb. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bir çox layihələr Gürcüstan üzərindən keçir. Tranzit ölkə kimi Gürcüstan bu layihələrin icra olunmasında və birgə əməkdaşlıqda qlobal töhfə vermiş olur. Azərbaycan və Gürcüstan dinc qonşuluq və strateji münasibətlər ortaya qoyan əməkdaşlığın yüksək zirvəyə çatması üçün birgə fəaliyyət göstərirlər”.
Deputat qeyd edib ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin də ilk rəsmi səfərini Azərbaycana etməsi, bu səfər çərçivəsində Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatlarında vacib nüanslara toxunması, ölkə rəhbərimizin iki dövlət arasındakı münasibət haqqında çıxışı bütün bunların bariz nümunəsidir:
“Bundan sonra da bu iki qardaş dövlət bu gün həyata keçirdikləri meqalayihələrin icrasını uğurla davam etdirəcək. Gələcəkdə iki ölkə arasındakı münasibətlər bütün sahələri əhatə edərək daha da zirvəyə qalxacaq”.
Ləman Sərraf