"Gələcəkdə robotların sayı insanlardan daha çox olacaq" - Mask
Amerikalı iş adamı, milyarder və “Tesla” şirkətinin baş direktoru İlon Mask Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakı zamanı süni intellekt və robotlarla bağlı maraqlı açıqlamalar verib.
Patrul.az xəbər verir ki, Mask süni intellektin 5 ildən sonra hər kəsdən daha ağıllı olacağını bildirib.
“Yəqin ki, 5 ildən sonra süni intellekt bütün bəşəriyyətdən daha ağıllı olacaq”.
Mask robotlarla bağlı açıqlamasında isə gələcəkdə onların sayının insanlardan çox olacağı proqnozunu verib:
“Mənim proqnozum budur ki, süni intellekt sahəsində o qədər çox robot istehsal edəcəyik ki, onlar bütün insan ehtiyaclarını ödəyəcək və robotların sayı insanlardan daha çox olacaq”.
İlon Mask çıxışı zamanı ümumilikdə gələcəyə nikbin baxdığını və firavan bir gələcəyə doğru getdiyimizə inandığını vurğulayaraq, “tarixin ən maraqlı dövründə” yaşadığımızı qeyd edib:
“Düşünürəm ki, ümumi həyat keyfiyyəti baxımından pessimist və haqlı olmaqdansa, nikbin və səhv olmaq daha yaxşıdır”, – deyə iş adamı əlavə edib.
Gülbəniz Səfərova






