media-img-20251204-wa0008

Maliyyə naziri “işsizlər tibbi sığortadan yararlana bilməyəcək” məsələsinə aydınlıq gətirib:

“Yalnız gəliri olan, lakin bu gəliri bəyan etməyən şəxslər icbari sığortadan yararlana bilməyəcək. Bu kateqoriyaya aid şəxslərin müəyyən edilməsi elektron qaydada aparılacaq”.

Patrul.az mövzu barədə fikirlərini almaq üçün Crypto Consulting MMC-nin direktoru, UNEC Biznes Məktəbinin müəllimi, iqtisadçı Elnur Quliyevə müraciət edib.

O qeyd edib ki, yeni mexanizm gəlir məlumatlarının dövlət informasiya bazaları vasitəsilə kəsişdirilməsi yolu ilə işləyəcək:

“Bank hesablarına daxil olan müntəzəm ödənişlər, daşınmaz əmlak və nəqliyyat vasitələrinin mülkiyyəti, əmək və xidmət müqavilələri, eləcə də rəqəmsal platformalarda əldə olunan gəlirlər elektron qaydada qiymətləndiriləcək. Bu, gəliri bəyan etməyən, lakin faktiki maliyyə dövriyyəsinə malik olan şəxslərin müəyyən olunmasına imkan verəcək. Sistem yalnız real olaraq işsiz olan, sosial həssas qruplara aid vətəndaşları deyil, qeyri-rəsmi gəlirlə sosial təminat mexanizmini sui-istifadə edənləri hədəfləyir. Bu yanaşma sosial ədalət prinsiplərinin qorunması, icbari tibbi sığorta fondunun maliyyə dayanıqlığının artırılması və vergi intizamının gücləndirilməsi baxımından əhəmiyyətli addımdır.

Lakin nəzərə almaq lazımdır ki, gəliri bəyan etməyən şəxslərin icbari tibbi sığortadan kənarlaşdırılması sosial ədalət məqsədi daşısa da, icra mərhələsində bir neçə risk yarana bilər. Birincisi, elektron sistemlərin məlumat bazalarının inteqrasiyası tam yetkin olmadıqda yanlış identifikasiya riski artır. Bank əməliyyatları, daşınmaz əmlak, əmək müqavilələri və digər göstəricilər arasında uyğunsuzluqlar ola bilər. Bu halda real gəliri olmayan şəxslər də “gəlirli” kimi qeyd edilərək sığortadan kənarda qala bilər”.

 

Mütəxəssis ikinci olaraq, qeyri-formal iqtisadiyyatın yüksək payının məsələnin əsas təcrübə boşluğu olduğunu bildirib:

“Xidmət sahəsində gündəlik nağd ödənişlə işləyənlər, kiçik sahibkarlar və ya platforma əsaslı işçilər gəlirini elektron iz qoymadan əldə etdikdə sistem onların reallığını müəyyən edə bilmir.

Üçüncüsü, məlumatın doğruluğu ilə bağlı hüquqi mübahisələr qaçılmaz ola bilər. Vətəndaş gəlirin mənbəyi, müvəqqəti xarakteri və ya başqa şəxsin hesabına aid olması barədə etiraz qaldırdıqda prosedurlar uzanır. Bunun tibbi xidmətlərdən istifadəyə təcili ehtiyac olan şəxslər üçün gecikmələrə səbəb olması ehtimalı mövcuddur”.

Nəhayət, sosial həssas qrupların rəqəmsal savadlılığı məsələsi də diqqət tələb edir. Elektron məlumatların düzgün bəyan edilməməsi və ya sistemə düzgün daxil olunmaması real ehtiyacı olan vətəndaşların səhvən sığortadan kənarda qalması ilə nəticələnə bilər. Qeyd etdiyim səbəblərdən irəli gələrək hesab edirəm ki, tətbiq ediləcək elektron nəzarət mexanizmləri geniş ictimai məlumatlandırma ilə müşayiət olunmalı, şikayət və mübahisələrin həlli üçün sürətli və şəffaf prosedurlar qurulmalıdır. Əks halda, mexanizmlər vergi intizamı deyil, əlavə sosial gərginlik yarada bilər”,– deyə o açıqlamasını sonlandırıb.

Ləman Sərraf


Bənzər xəbərlər