media-photo-output

Son dövrlər gənclər arasında narazılıq, yorğunluq və emosional tükənmə hallarının artdığı müşahidə olunur. Bir çox gənc həm təhsil, həm iş, həm də sosial mühitlə bağlı təzyiq altında olduğunu bildirir. Gündəlik həyat ritminin sürətlənməsi, gözləntilərin çoxalması və psixoloji yükün artması onların ümumi emosional vəziyyətinə ciddi təsir edir.

Bəs gənclərin davamlı yorğunluq və narazılıq hissinin arxasında hansı psixoloji faktorlar dayanır?

Bu barədə psixoloq Ofelya Məmmədova Patrul.az-a açıqlamasında bildirib ki, gənclərin artan narazılığı və yorğunluğu onların üzərinə yığılan görünməz sosial və emosional təzyiqin nəticəsidir:

“Son illər gənclərin dilindən ən çox eşidilən cümlələr bunlardır:

“Motivasiyam yoxdur.”

“Hər şey yorucudur.”

“Həyat mənasız görünür.”

Bu ifadələr təkcə fərdi hissləri deyil, dövrün yaratdığı kütləvi psixoloji vəziyyəti əks etdirir. Gənclər sanki görünməyən bir yük daşıyırlar və bu yük onları həm emosional, həm də mənəvi olaraq tükəndirir. Ailə, cəmiyyət və sosial media onlardan daim “uğurlu, ideal, populyar” olmağı tələb edir. İş imkanları, iqtisadi çətinliklər, müharibə və sosial gərginliklər onlarda güvənsizlik yaradır. İnformasiyanın həddindən artıq çoxluğu isə düşünmə bacarığını artırmır, əksinə qərar verməyi çətinləşdirir.

Onlar hər an ‘görünmək və sübut etmək’ məcburiyyətindədirlər, bu isə psixikanı tələsdirir və yorur.”

Psixoloqun sözlərinə görə, gənclərin narahatlığı və özünü başqaları ilə müqayisə etməsi onların dəyər hissini zədələsə də, bu, dəyişiklik üçün içlərində gücün olduğunu göstərir:

“Sosial mediada özünü başqaları ilə müqayisə etmək özünə dəyər hissini zəiflədir: ‘Başqası daha çox nail oldu, mən niyə yox?’

Nəticədə narazılıq bir müdafiə forması kimi ortaya çıxır — gənc öz içindəki çatışmazlığı gizlətmək üçün hər şeyi tənqid edir.

Valideynlər və cəmiyyət gəncləri dinləməli və anlamalıdır. Onlara ‘insan olduqlarını’ xatırladaq, layihə kimi yanaşmayaq.

Tənqid etmədən dialoq qurmaq, onların səhv etməkdən qorxmamasına şərait yaratmaq vacibdir. Çünki uğur çox zaman saysız-hesabsız səhvlərin nəticəsidir.

Bir psixoloq olaraq gənclərə deyirəm ki, yorulmaq zəiflik deyil — insanlıqdır.

Ən böyük güc özünü tanımaq və özünə mərhəmətli olmaqdır.

Narahatlıq hiss edirsənsə, deməli dəyişiklik üçün içində güc var.”

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər