“Geopolitik gərginliklər fonunda Azərbaycan-Rusiya münasibətlərində yaranan soyuqluq bu cür halların artmasına zəmin yaradır” - ŞƏRH
Yekaterinburqda azərbaycanlılara qarşı fiziki zorakılıq və hüquq-mühafizə orqanlarının qəddar davranış halları baş verib.
Politoloq Züriyə Qarayeva Patrulaz.az-a Rusiyadakı anti-azərbaycanlı hallarını şərh edib:
“Son vaxtlar Rusiyada azərbaycanlılara qarşı müşahidə olunan təzyiq və aqressiya dalğası təsadüfi deyil və bir neçə paralel səbəblə izah oluna bilər. İlk olaraq, geopolitik gərginliklər fonunda Azərbaycan-Rusiya münasibətlərində yaranan soyuqluq bu cür halların artmasına zəmin yaradır. Azərbaycanın suveren siyasəti, xüsusilə Qərblə yaxınlaşması və bölgədə artan təsiri Moskvanı narahat edir”.
Politoloq bildirib ki, millət vəkilinin Rusiyaya buraxılmaması, informasiya resurslarımıza qarşı yönəlmiş kiberhücumlar və Rusiyada azərbaycanlılara qarşı baş verən zorakılıqlar bu fonun təzahürləridir:
“Bütün bunlar həm də Rusiya daxilindəki ultramillətçi dairələrin azərbaycanlılara qarşı yönəlmiş nifrət ritorikasının gücləndiyini göstərir. Bu hallar həm diaspora, həm də dövlət səviyyəsində ciddi monitorinq və reaksiyanı zəruri edir”.
Ləman Sərraf