media-inshot_20260515_110850452

Türkiyəli tanınmış televiziya prodüseri, aparıcı və iş adamı Acun Ilıcalının sahibi olduğu “Hull City” klubunun pley-off finalındakı rəqibi “Sauthempton” ətrafında yaranan casus böhranı İngiltərə futbol gündəmini sarsıdıb.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, İngiltərənin “Sauthempton” futbol komandasının analitiki təcrübəçisi Uilyam Solt rəqib komanda olan – “Midlsbro”nun gizli taktiki məşqini telefonu ilə çəkib.

Hadisə pley-off yarımfinalının ilk oyunundan əvvəl “Midlsbro” klubunun məşq mərkəzinin yaxınlığındakı təpəlikdə baş verib.

Belə ki, Uilyam Solt ağacların arxasında gizlənərək komanda üzvlərinin gizli taktiki məşqini izləyib. Onun sadəcə mobil telefonla deyil, səsləri yazmaq üçün xüsusi mikrofona malik peşəkar müşahidə avadanlığı ilə görüntüləri öz klubuna canlı yayımladığı iddia olunur.

Vəziyyəti fərq edən “Midlsbro” klubunun əməkdaşları Uilyama yaxınlaşaraq kimliyini öyrənməyə çalışıblar. Lakin şübhəli şəxsiyyətini açıqlamaqdan imtina edib, telefonundakı bəzi dataları sildikdən sonra yaxınlıqdakı qolf klubunun tualetinə qaçıb. O, çantasından çıxardığı fərqli geyimləri geyinərək ərazidən uzaqlaşıb. Lakin daha sonra ərazidəki təhlükəsizlik kameralarına düşən şübhəlinin görüntüləri “Sauthempton”un rəsmi saytındakı kadr sənədləri ilə tam uyğun gəlib.

Hadisədən sonra İngiltərə Futbol Liqası (EFL) rəsmi olaraq “Sauthempton”a qarşı “matçdan 72 saat əvvəl rəqibin məşqini izləməmək” qaydasını pozduğuna görə ittiham irəli sürüb. Qurumun son qərarı 19 may çərşənbə axşamı gününə qədər elan ediləcək.

Bütün bu gərginliklərdən sonra cavab oyununda “Sauthempton” “Midlsbro”nu əlavə vaxtda 2-1 hesabı ilə məğlub edərək pley-off finalına yüksəlib. “Midlsbro”nun baş məşqçisi Kim Hellberq baş verənləri “böyük rüsvayçılıq və fırıldaqçılıq” adlandırıb.

Finalda “Sauthempton”un rəqibi məhz Acun Ilıcalının sahibi olduğu “Hull City” komandası olacaq. Ilıcalı da verdiyi açıqlamada belə bir casusluğun onun komandasına qarşı ediləcəyi təqdirdə “qəzəbdən dəliyə dönəcəyini” bildirib.

Qeyd edək ki, digər iki Çempion klubunun da “Sauthempton”un mövsüm ərzində onların məşqlərini gizlicə izlədiyinə dair ciddi şübhələri var. İstintaqın nəticəsindən asılı olaraq 23 may tarixinə planlaşdırılan final matçının təqvimində dəyişiklik edilə bilər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər