media-inshot_20260515_145003374

Gözəllik naminə rəngli və ya kosmetik linzalardan istifadə etmək cəlbedici görünsə də, düzgün seçilmədikdə və gigiyena qaydalarına əməl edilmədikdə görmə qabiliyyəti üçün ciddi risklər yaradır. Son illərdə estetik məqsədlərlə linza taxan şəxslər arasında göz sulanması, batma, buynuz qişanın cızılması və hətta müvəqqəti görmə zəifliyi kimi şikayətlər kəskin şəkildə artıb. Oftalmoloqlar xəbərdarlıq edir ki, həkim nəzarəti olmadan, sadəcə kosmetik mağazalardan və ya onlayn platformalardan alınan linzalar göz sağlığına geri dönülməz ziyan vura bilər.

Patrul.az-ın araşdırmalarına görə, kosmetik linzaların istifadəsi zamanı qarşıya çıxan əsas təhlükələr və onların səbəbləri aşağıdakılardır:

Gözün cızılması (Buynuz qişanın qşınması)

Gözün premetrləri (ölçüləri) hər kəsdə fərqlidir. Həkim müayinəsi olmadan alınan linzalar gözün strukturuna tam oturmaya bilər. Çox sıx və ya çox boş olan linza gözün şəffaf təbəqəsini (buynuz qişanı) cıza bilər.Bu cızıqlar gözə infeksiya düşməsi üçün açıq qapı rolunu oynayır.

Davamlı sulanma və batma hissi

Gözə yad cisim daxil olduqda orqanizm onu qorumaq üçün refleksiv olaraq yaş ifraz edir. Keyfiyyətsiz və ya gözə uyğun olmayan linzalar gözün təbii rütubət balansını pozur, oksigen keçiriciliyini azaldır. Nəticədə gözdə xroniki sulanma, qızartı və qum varmış kimi batma hissi yaranır.

Dumanlı və ya adi görmə problemləri:

Kosmetik linzaların mərkəzindəki bəbək boşluğu bəzən insanın öz bəbək ölçüsü ilə üst-üstə düşmür. Xüsusilə işığın dəyişdiyi mühitlərdə bəbək böyüyərkən linzanın rəngli hissəsi görmə sahəsinə daxil olur və bu da dumanlı, bulandıq və ya keyfiyyətsiz görməyə səbəb olur.

Oksigen çatışmazlığı (Hipoksiya)

Gözün buynuz qişası ehtiyac duyduğu oksigeni birbaşa havadan alır. Keyfiyyətsiz materialdan hazırlanan gözəllik linzaları gözün “nəfəs almasını” əngəlləyir. Bu da uzun müddətdə göz daxilində arzuolunmaz damar genişlənmələrinə və görmə itkisinə yol aça bilər.

Llinza istər optik (görməni düzəltmək üçün), istərsə də kosmetik məqsədli olsun, mütləq oftalmoloq tərəfindən yazılmalı və apteklərdən və ya ixtisaslaşmış optika mərkəzlərindən əldə edilməlidir. Kosmetik mağazalarda satılan və standarta cavab verməyən linzalar korluğa qədər uzanan ağır fəsadlar törədə bilər.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər