media-inshot_20260227_204410593

“Şamaxıda bu gün baş verən zəlzələnin təsiri ilə ümumilikdə Azərbaycanda yeni zəlzələlərin baş vermə ehtimalı barədə hələlik dəqiq nəsə demək mümkün deyil. Ola bilsin ki, 4-5 ballıq zəlzələlər, o cümlədən zəif titrəyişlər baş verməklə yer öz enerjisini boşaldır. Güclü zəlzələnin baş vermə ehtimalı da ola bilər. Amma bu barədə öncədən dəqiq fikir söyləmək çətindir”.

Bunu Şamaxıda ard-arda 4.7 və 3.3 bal gücündə baş verən, ətraf rayonlarda da hiss olunan zəlzələ ilə bağlı Patrul.az-a öz fikirlərini bölüşən seysmoloq Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, Şamaxıda belə zəlzələlərin baş verməsi tarix boyu bu ərazinin seysmik zonalardan biri olması ilə bağlıdır:

“Zəlzələlər bizdə ara-sıra olur və olacaq da. Çünki bu, Qafqaz dağlarının geoloji xüsusiyyətlərindən irəli gəlir. Dünyanın ən böyük seysmik zolaqlarından biri bizim regiondan keçir. Bu zolaq Fransanın şimalından başlayaraq İndoneziyaya qədər uzanır və Azərbaycan ərazisi də onun bir hissəsidir”.

Seysmoloq Azərbaycanda zəlzələyə ən çox meyilli ərazilərdən birinin yerini də qeyd edib:

“Şəkidən bir neçə kilometr şərqə, yəni Bakı istiqamətinə doğru, Şamaxı da daxil olmaqla bu ərazi Azərbaycanın ən seysmik zonalarından biridir. Məlum olduğu kimi, son min il ərzində ən məşhur dörd zəlzələ Şamaxıda baş verib. Bu regionda elə güclü zəlzələlər olub ki, nəticədə minlərlə insan həlak olub. Buna misal olaraq 1667-ci ildə Şamaxıda baş verən və 60 minə yaxın insanın ölümü ilə nəticələnən zəlzələni göstərmək olar. 1990–2000-ci illərdə də bu ərazidə tez-tez zəlzələlər müşahidə olunub”.

media-inshot_20260227_202442031

Ə. Əliyevin sözlərinə görə, son illərdə Azərbaycanın zəlzələyə meyilli bölgələrində yeraltı təkanlara davamlı tikililər inşa edilsə də, köhnə tikililər risk altında qalır:

“Son dövrlərdə bu ərazinin seysmik vəziyyəti nəzərə alınaraq tikililər inşa olunub. Amma zəlzələ zamanı burada hələ də mövcud olan köhnə tikililər risk altında ola bilər. Ümumilikdə Azərbaycanın Şamaxı kimi seysmik zonalarında mütləq keyfiyyətli və zəlzələyə davamlı tikinti işləri aparılmalıdır”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər