Meteohəssas insanların DİQQƏTİNƏ: Bu tarixlərdə Yer kürəsini maqnit qasırğası bürüyəcək
Günəşdə baş verən növbəti güclü alovlanma yaxın günlərdə kosmik hava şəraitinin kəskin dəyişməsinə və Yer kürəsində geomaqnit pozuntularına səbəb ola bilər.
Patrul.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası məlumat verib.
Bildirilib ki, Günəş səthində M2.6 səviyyəli güclü partlayış qeydə alınıb.
Rentgen diapazonunda müşahidə edilən bu hadisə Bakı vaxtı ilə saat 19:14-də başlayıb və təxminən 70 dəqiqə davam edib.
Alimlərin bildirdiyinə görə, hazırda Günəş diskinin mərkəzinə doğru böyük bir tac dəliyi yaxınlaşmaqdadır. Bu dəlikdən ayrılan sürətli Günəş küləyinin yaxın 2-3 gün ərzində Yerə çatacağı gözlənilir.
Məlumata əsasən, plazma axınının sürəti saniyədə 500-600 kilometrə qədər yüksələ bilər ki, bu da birbaşa geomaqnit sahəsinə təsir göstərəcək.
Proqnozlara görə, may ayının ortalarınadək bir neçə dalğalı geomaqnit aktivlik müşahidə oluna bilər:
8 may: K-indeksinin 4 səviyyəsinə çatması ilə orta səviyyəli geomaqnit pozuntu;
15–17 may: Daha güclü – G2 və ya G3 səviyyəli (orta–güclü) maqnit fırtınası ehtimalı.
Bildirilib ki, bu cür kosmik hadisələr yüksək enliklərdə enerji şəbəkələrində gərginliyə, peyk naviqasiya sistemlərində (GPS) xətalara və radio rabitəsində qısamüddətli kəsintilərə səbəb ola bilər.
Eyni zamanda, meteohəssas insanlar üçün də müəyyən risklər mövcuddur. Fırtına günlərində baş ağrısı, ümumi halsızlıq və qan təzyiqinin qəfil dəyişməsi müşahidə oluna bilər. Həkimlər belə günlərdə fiziki gərginliyi azaltmağı və bol maye qəbul etməyi tövsiyə edirlər.
Maraqlıdır ki, bu aktivlik nəticəsində qütb parıltılarının (aurora) görünmə coğrafiyası genişlənə bilər. Nadir təbiət hadisəsinin ABŞ-nin şimal ştatlarında və Avropanın bir çox ölkələrində müşahidə olunma ehtimalı var.
Hazırda Günəş özünün 25-ci aktivlik dövründədir. Maksimal zirvə nöqtəsi geridə qalsa da, alimlər ilin sonunadək X sinfinə aid daha 5-10 güclü partlayışın baş verə biləcəyini istisna etmirlər.






