media-inshot_20260304_141306639

Son illər minlərlə azərbaycanlı gənc ali təhsil almaq üçün xarici ölkələrə üz tutur. Lakin bəzi hallarda məzunlar təhsillərini başa vurub ölkəyə qayıtdıqdan sonra diplomlarının tanınmaması problemi ilə üzləşirlər. Bu isə həm vaxt, həm də maddi itki deməkdir və gələcək karyera planlarına ciddi təsir göstərir. Xüsusilə dövlət sektorunda və ya ixtisas üzrə işləmək istəyənlər üçün diplomun rəsmi tanınması əsas şərtlərdən biridir.

Bəs xarici universitetlərin diplomları hansı hallarda tanınmır? Tələbələr xaricdə təhsil seçimi edərkən hansı məqamlara diqqət etməlidirlər ki, sonradan nostrifikasiya problemi ilə üzləşməsinlər? Mövcud qaydalar nə deyir və ən çox rast gəlinən imtina səbəbləri hansılardır?

Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Patrul.az-a açıqlamasında bildirib ki, xarici diplom yalnız akkreditasiyalı və real tədris aparan universitetdən olduqda tanınır, əks halda imtina edilir:

“Xarici universitet diplomlarının tanınmaması məsələsi əslində düşündüyümüzdən daha ciddi və çoxşaxəli bir mövzudur. Burada əsas məsələ təkcə diplomun kağız üzərində olması deyil, həmin diplomun arxasında dayanan təhsil prosesinin keyfiyyəti, hüquqi əsasları və akademik yüküdür. Bu gün diplomların tanınması prosesi Elm və Təhsil Nazirliyi nəzdində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir və burada əsas meyar ondan ibarətdir ki, tələbənin təhsil aldığı ali məktəb və proqram həm həmin ölkədə rəsmi akkreditasiyadan keçmiş olsun, həm də tədris prosesi real və normativ tələblərə uyğun aparılmış olsun. Əgər universitet öz ölkəsində tanınmırsa, akkreditasiyası yoxdursa və ya saxta təhsil modeli üzərində qurulubsa, təbii ki, həmin diplomun Azərbaycanda tanınması mümkün olmur”.

Ə. Həsənli qeyd edir ki, məsafədən və formal təhsil, normativə uyğun olmayan kredit və iştirak göstəriciləri, eləcə də qəbul və ixtisas ardıcıllığındakı pozuntular diplomun tanınmamasına səbəb ola bilər:

“Digər ciddi səbəblərdən biri məsafədən və ya formal şəkildə həyata keçirilən təhsildir. Bəzən tələbə faktiki olaraq dərslərdə iştirak etmir, ölkədə olmur, kredit yükünü tamamlamır, amma sonda diplom əldə edir. Tanınma mərhələsində isə məlum olur ki, tələbənin fiziki iştirak müddəti, akademik göstəriciləri və kredit sayı normativlərə uyğun deyil. Bu zaman diplom tanınmır və gənc illərini və maddi resurslarını itirmiş olur. Eyni zamanda qəbul prosesi də önəmlidir. Bəzi hallarda tələbə qəbul tələblərinə uyğun olmayan formada universitetə yerləşdirilir, yəni orta təhsil göstəriciləri və ya əvvəlki akademik baza uyğun olmur. Bu da sonradan problem yaradır. Təhsil pillələri arasında ardıcıllıq pozulduqda – məsələn, bir ixtisasdan tam fərqli sahəyə heç bir akademik əsas olmadan keçid edildikdə – bu da risk faktorudur”.

media-inshot_20260304_141357968

Ekspertin sözlərinə görə, gənclər xaricdə təhsil seçərkən universitetin akkreditasiyasını, proqramın hüquqi əsasını və tanınma şərtlərini əvvəlcədən araşdırmalı, qərarı reklam yox, rəsmi və şəffaf məlumatlara əsaslanaraq verməlidirlər:

“Mən xüsusilə vurğulamaq istəyirəm ki, gənclər xaricdə təhsil seçimi edərkən ilk növbədə universitetin rəsmi akkreditasiya statusunu yoxlamalı, həmin proqramın hüquqi əsasını araşdırmalı və mümkün qədər şəffaf mənbələrdən məlumat almalıdırlar. Sadəcə reklam və sosial şəbəkə elanlarına əsaslanmaq doğru deyil. Təhsil gələcəyə yatırılan strateji sərmayədir və burada emosional yox, rasional qərar verilməlidir. Valideynlər də prosesə daha məsuliyyətlə yanaşmalıdır. “Xaricdə oxuyur” ifadəsi avtomatik olaraq keyfiyyət göstəricisi deyil. Əsas məsələ hansı universitetdə, hansı proqram üzrə və hansı akademik standartlarla təhsil alındığıdır. Hesab edirəm ki, bu sahədə maarifləndirmə işi daha da gücləndirilməlidir. Çünki diplomun tanınmaması təkcə hüquqi problem deyil, həm də psixoloji və sosial zərbədir. Ona görə də gənclər seçim edərkən sənəd, akkreditasiya, tədris forması, kredit yükü və ölkəyə qayıtdıqdan sonra tanınma prosedurunu əvvəlcədən araşdırmalıdırlar ki, sonradan peşmançılıq yaşanmasın”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər