Hantaviruslu gəmidə olan məşhur youtuberin test nəticələri AÇIQLANDI
Məşhur türkiyəli sənədli film müəllifi və yutuber Ruhi Çenetin göyərtəsində hantavirus epidemiyası yayılan gəmidəki səfərindən sonra test nəticələri bəlli olub.
Patrul.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi tərəfindən ciddi nəzarətə götürülən yutuberin analizlərinin cavabı mənfi çıxıb.
Məlumat üçün bildirək ki, R.Çenet sənədli film çəkilişləri məqsədilə Niderlanda məxsus “MV Hondius” ekspedisiya gəmisi ilə səfərə çıxıb. 23 ölkədən 150-dən çox sərnişinin olduğu gəmidə ölümcül “Andes” ştamı olan hantavirus epidemiyası qeydə alınıb. Son məlumatlara görə, gəmidə virusa 8 nəfər yoluxub, onlardan 3-ü (Niderland və Almaniya vətəndaşları) həyatını itirib.
Səfərin 24-cü günündə gəmidən ayrılaraq Türkiyəyə qayıdan Ruhi Çenet dərhal Səhiyyə Nazirliyinin nəzarətinə götürülüb. Yutuberdən götürülən qan, sidik və tüpürcək analizlərinin nəticələri neqativ çıxıb. Türkiyənin rəsmi qurumları sözügedən gəmidən təxliyə edilən ümumilikdə 3 Türkiyə vətəndaşının hər birinin test nəticələrinin təmiz olduğunu açıqlayıb.
Sosial şəbəkələrdə virusa yoluxması ilə bağlı yayılan iddiaları təkzib edən R.Çenet məsələyə aydınlıq gətirib. O, Türkiyəyə döndükdən sonra İstanbulda bir toy mərasiminə qatıldığını, lakin həmin vaxt gəmidəki ölümcül riskdən tamamilə xəbərsiz olduğunu bildirib.
Youtuber, hazırda evində ciddi şəkildə izolyasiya olunduğunu vurğulayıb:
“Testlərimin nəticəsi mənfi çıxsa da, karantin müddətim davam edir. Səhiyyə qrupları ilə daim əlaqədəyəm və qaydalara tam əməl edirəm”.
Gülbəniz Səfərova






