Havaya qalxan hərbi helikopter yerə çırpıldı - ANBAAN GÖRÜNTÜLƏR
Meksikada havaya qalxan hərbi helikopter qəzaya uğrayıb.
Patrul.az sosial şəbəkələrdə yayılan görüntülərə istinadən xəbər verir ki, qəza Meksikanın Sinaloa ştatının Mazatlan şəhərində yerləşən 4-cü Hərbi Dəniz Rayonunun bazasında qeydə alınıb.
Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb, lakin helikopterə ciddi maddi ziyan dəyib.
Rəsmi məlumata görə, qəzaya Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus Mi-17 tipli hərbi helikopterin əsas mühərrikində yaranan qəfil güc itkisi, yəni texniki nasazlıq səbəb olub.
Mobil telefon kameraları ilə çəkilən görüntülərdə helikopterin bazadan havaya qalxdıqdan saniyələr sonra idarəetməni itirərək sürətlə yerə çırpıldığı və ətrafda toz-dumanın yarandığı görünür. Bu anlar ərazidə olan insanlar arasında ciddi təşvişə səbəb olub.






