Hazır qidalar: vaxta qənaət, yoxsa təhlükə? - AÇIQLAMA
Son zamanlar asan hazırlandığı və vaxta qənaət etmək məqsədilə hazır qidalardan, yarımfabrikat məhsullardan istifadə halları kəskin artıb. Lakin bu qidaların zərərləri də az deyil. Vaxta qənaət edək deyərkən sağlamlığımızı təhlükəyə atmış olmuruq?
Mövzu ilə bağlı Patrul.az qida eksperti Mübariz Vəliyevin fikirlərini öyrənib.
O bildirib ki, son illərdə həyat tempinin sürətlənməsi insanların qidalanma vərdişlərinə də ciddi təsir göstərib:
“Xüsusilə işləyən insanlar, tələbələr və vaxt məhdudiyyəti yaşayan ailələr daha çox hazır qidalara və yarımfabrikat məhsullara üstünlük verir. Bu məhsulların əsas üstünlüyü onların tez və asan hazırlanmasıdır. Lakin görünən rahatlığın arxasında sağlamlıq üçün müəyyən risklər də gizlənir.
Hazır və yarımfabrikat qidalar dedikdə istehsal olunmuş və minimum emal tələb edən məhsullar nəzərdə tutulur. Bunlara dondurulmuş ət məhsulları, sosiska, kolbasa, hazır şorbalar, fast-food yeməklər və müxtəlif konservlər daxildir.
Zərərlərə diqqət edək. İlk olaraq, tərkibində olan yüksək duz və şəkər miqdarını qeyd etmək lazımdır”.
Ekspert qidaların əksəriyyətində uzun müddət saxlanmanı təmin etmək üçün yüksək miqdarda duz və şəkər istifadə olunduğunu vurğulayıb:
“Bu isə arterial təzyiqin artmasına, ürək-damar xəstəliklərinə və diabet riskinə səbəb ola bilər.
İkincisi isə trans yağlar və keyfiyyətsiz yağlardır. Bir çox yarımfabrikat məhsullarda istifadə olunan yağlar insan orqanizmi üçün zərərlidir. Bu yağlar “pis xolesterin”i artıraraq damarların tutulmasına gətirib çıxara bilər.
Daha sonra qida əlavələri və konservantlar. Hazır məhsullarda dad artırıcılar, rəngləndiricilər və qoruyucu maddələr geniş istifadə olunur. Bu maddələrin uzunmüddətli istifadəsi allergiyalar, həzm problemləri və bəzi hallarda daha ciddi xəstəliklərə səbəb ola bilər.
Digər tərəfdən, aşağı qida dəyəri. Bu cür qidalar çox zaman vitamin və minerallarla zəngin olmur. Yəni insan doyur, amma orqanizm lazım olan faydalı maddələri ala bilmir”.
Vaxta qənaət etməyin vacib olduğunu deyən həmsöhbətimiz qeyd edib ki, bu, sağlamlıq hesabına olmamalıdır:
“Daha düzgün seçim etməyə kömək edən məqamlardan biri məhsulu alarkən etiketləri diqqətlə oxumaq və tərkibi sadə olan məhsullara üstünlük verməkdir. Həmçinin çalışın ki, təzə və yerli məhsullardan istifadə edəsiniz.
Digər tərəfdən, həftəlik yemək planı quraraq həm vaxta, həm də sağlamlığa nəzarət etmək mümkündür. Mümkün olduqda evdə hazırlanmış yeməkləri donduraraq alternativ yaratmaq olar.
Ümumilikdə hazır qidalar həyatımızı asanlaşdırsa da, onların həddindən artıq istifadəsi sağlamlıq üçün ciddi risklər yarada bilər. Əsas məsələ balansı qorumaqdır. Vaxta qənaət edərkən düzgün seçim etmək və qida keyfiyyətinə diqqət yetirmək uzunmüddətli sağlamlığın əsas şərtidir”.
Ləman Sərraf






