media-inshot_20260409_151903193

Son illərdə imtahan sisteminin strukturu və qiymətləndirmə meyarları təhsil prosesində mühüm rol oynayır. Xüsusilə yüksək nəticə əldə etməyə yönəlmiş yanaşma şagirdlərin məktəbdaxili təhsilə münasibətini və əlavə hazırlıq ehtiyacını da formalaşdırır. Bu kontekstdə bəzi hallarda şagirdlər məktəb proqramı ilə kifayətlənməyərək repetitorlara müraciət edirlər ki, bu da müzakirə mövzusuna çevrilir.

Hazırkı imtahan sistemi məktəbdaxili təhsilin keyfiyyətinə müsbət təsir edir, yoxsa repetitor asılılığını artırır?

Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Patrul.az-a açıqlamasında bildirib ki, hazırkı imtahan sistemi məktəb təhsilindən çox imtahan yönümlü hazırlığı ön plana çıxardığı üçün repetitor asılılığını artırır:

“Hazırkı imtahan sistemi ilə məktəb təhsili arasındakı əlaqə bu gün cəmiyyəti ən çox düşündürən, valideynləri isə ən çox yoran məsələlərdən biridir. Gəlin reallığa açıq gözlə baxaq: imtahanlar bu gün təhsilin keyfiyyətini ölçən bir tərəzi rolunu oynamalı olsa da, təəssüf ki, bir çox hallarda məktəbi kənarda qoyan, repetitoru isə əsas hədəfə çevirən bir mexanizmə çevrilib.

Məsələ burasındadır ki, imtahan suallarının mürəkkəbliyi və standartları ilə məktəbdə tədris olunan proqram arasında bəzən ciddi bir “qayçı” yaranır. Şagird məktəbdə mövzunu öyrənir, amma imtahanda ondan həmin mövzunu deyil, o mövzunun ən dərin qatlarını, xüsusi test texnikalarını və sürətli həll yollarını tələb edirlər. Belə olan halda şagird və valideyn çıxış yolunu məktəb partasında deyil, repetitor yanında axtarmağa məcbur olur. Bu da təbii ki, repetitor asılılığını pik həddə çatdırır”.

media-img-20260409-wa0033

Ekspert qeyd edir ki, hazırkı imtahan sistemi məktəbdəki təhsilin effektivliyini tam əks etdirmədiyi üçün şagirdləri repetitorlara yönəldir və repetitor asılılığını artırır:

“Əslində, imtahan sistemi məktəbi gücləndirməlidir. Əgər bir uşaq məktəbdə aldığı 5-6 saatlıq dərslə yüksək nəticə göstərə bilmirsə, deməli, sistemin özündə bir uyğunsuzluq var. Biz repetitorluğu bir “kölgə təhsili” kimi görürük, amma bu kölgə getdikcə əsas binanı, yəni məktəbi görünməz edir. Şagird artıq məktəbə sosiallaşmaq və ya sadəcə attestat xatirinə gedir, biliyi isə kənardan pulla alır.

Nəticədə, imtahan sistemi keyfiyyəti artırmaqdan çox, rəqabəti və test mexanikasını ön plana çıxarır. Bizə isə sadəcə test həll edən robotlar deyil, məktəb proqramını mənimsəmiş, təfəkkürü inkişaf etmiş gənclər lazımdır. Məktəbdaxili təhsilin keyfiyyətini qaldırmaq üçün imtahanların məzmunu məktəbin real imkanlarına yaxınlaşmalı, repetitor yanına getmək ehtiyac deyil, sadəcə bir seçim olmalıdır. Əks halda, repetitor asılılığı təhsilimizin “sağalmaz yarası” olaraq qalmağa davam edəcək”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər