Həkimin əsgərə kobud davrandığı iddia edilən Quba Rayon Mərkəzi Xəstəxanadakı özbaşınalıqla bağlı RƏSMİ AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edən valdeynin bildirdiyinə görə, xəstəxanada yalnız göz həkimi fəaliyyət göstərdiyindən uzun növbələr yaranır, vətəndaşların xidmətində olan sözügedən həkim- oftalmoloq Mehdiyeva Gülşən isə xəstələrə, xüsusən hərbi komissarlıqdan göndərilən əsgərə qarşı da qeyri-peşəkar və kobud şəkildə davranıb.
Patrulaz.az məsələ ilə bağlı xəstəxananın tabe olduğu TƏBİB-ə sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılıb və müəyyən nəticələr əldə olunub.
Araşdırma zamanı məlum olub ki, həkimin kobud davrandığı iddia edilən, 2001-ci il təvəllüdlü hərbi çağırışçı 6 oktyabr tarixində xəstəxanada bir neçə müayinədən keçdikdən sonra oftalmoloqa müraciət edib. Məhz bu zaman həkimin sənədlərlə bağlı prosedurları izah etməsi vətəndaşın valideyninin narazılığına səbəb olub. Valideyn isə bundan sonra videoçəkiliş apararaq həkimi pasiyentlərlə kobud davranmaqda ittiham edib:
“TƏBİB tərəfindən tabeliyində olan tibb müəssisələrində vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artırılması, göstərilən xidmətlərin sayının və keyfiyyətinin yüksəldilməsi istiqamətində zəruri addımlar atılır. Sözügedən vətəndaşın müraciəti və irəli sürdüyü iddialar araşdırılıb.
Məlumat üçün bildiririk ki, 2001-ci il təvəllüdlü, Xaçmaz rayon sakini olan hərbi çağırışçı sağlamlıq vəziyyətinin müəyyən edilməsi məqsədilə 06 oktyabr 2025-ci il tarixində Quba Rayon Mərkəzi Xəstəxanasının Hərbi-Həkim Komissiyasına müraciət edib.
Hərbi çağırışla əlaqədar Komissiyaya göndəriş verilən vətəndaşlar səhər saat 09:00-dan 14:00-dək bütün tibbi müayinələrdən keçərək Hərbi-Həkim Komissiyasına təqdim olunurlar.
Komissiyanın ilkin baxışından sonra dərinləşdirilmiş müayinə zərurəti müəyyən edilən vətəndaşlara ixtisaslı həkim qəbuluna göndəriş təqdim olunur. Bu göndərişlərin etibarlılıq müddəti 5 gündür.
Qeyd edilən vətəndaş 03 oktyabr 2025-ci il tarixində ilkin tibbi müayinələrə cəlb olunub, daha sonra 06 oktyabr 2025-ci il tarixində dərinləşdirilmiş müayinə məqsədilə oftalmoloq həkimin qəbuluna müraciət edib.
Həkim tərəfindən müvafiq qayda və prosedurlar izah edildikdən sonra, vətəndaşın valideyni izahı qəbul etməyərək emosional və aqressiv davranış nümayiş etdirib və bu zaman videoçəkiliş aparıb”.
TƏBİB-dən həmçinin bildirilib ki, məsələ ilə bağlı araşdırmalar hələ də davam edir:
“Qeyd etmək istərdik ki, Quba Rayon Mərkəzi Xəstəxanasında bütün vətəndaşlara tibbi xidmətlər qanunvericilikdə müəyyən edilmiş qaydalara, daxili intizam normalarına və bərabərlik prinsiplərinə uyğun şəkildə göstərilir.
Hazırda məsələ ilə bağlı əlavə araşdırma aparılır. Araşdırmanın nəticələrinə əsasən müvafiq qərar qəbul ediləcək”.
Qurum son olaraq qeyd edib ki, tabeliyindəki bütün tibb müəssisələrində şəhid ailələrinin üzvlərinə, qazilərə, sosial həssas qruplara daxil olan şəxslərə, eləcə də hərbi çağırışçılara qanunvericiliyə uyğun olaraq növbədənkənar tibbi xidmət göstərilir.
Gülbəniz Səfərova






