media-inshot_20260408_165840064

Türkiyənin tanınmış aktyoru Görkem Sevindik ilə İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Gvir arasında sosial media üzərindən sərt söz davası yaşanıb.

Patrul.az xəbər verir ki, münaqişəyə səbəb aktyorun İsraildə fələstinli məhbuslar üçün nəzərdə tutulan edam qanununa etiraz etməsi olub.

Görkem Sevindik sosial şəbəkə hesabında İsrailin edam qanununa toxunaraq, 12 minə yaxın fələstinlinin həyatının təhlükədə olduğunu bildirib və beynəlxalq birliyi bu “insanlıq dramına” qarşı səssiz qalmamağa çağırıb.

İsrailli nazir Ben-Gvir aktyora birbaşa videolu mesajla cavab verib. O, Sevindikin hazırda rol aldığı “Eşref Rüya” serialındakı obrazına işarə edərək bunları deyib:

“Eşref Rüyadakı Kadir. Heç vaxt Kadir Baba ola bilməyəcəksən. Biz İsraildə yaşayırıq, sən isə yalnız türk seriallarında rol alırsan. Terrorçular üçün edam cəzası artıq qüvvədədir”.

Nazirin təhdidindən sonra aktyor Türkiyə mediasına verdiyi açıqlamada mövqeyindən dönmədiyini vurğulayıb:

“Bir videoda edam qərarı verilmiş bəzi insanların avtobusa mindirildiyini, orada onların son dəfə uşaqlarına baxışlarını, qucaqlamalarını gördüm. Həqiqətən də vicdanı olan bir ata olaraq mənim də övladım var. Həmin anda çox ciddi, duyğusal bir an yaşadım. Mən bir ata və bir insan olaraq vicdanımın səsini ucaltmışam. Harada zülm varsa, mən onun qarşısındayam”.

Aktyor İsraildə də izlənilən, “Kadir baba” rolunu canlandırdığı “Eşref Rüya” serialının bu paylaşımdan sonra boykot edilməyə çalışıldığını bildirib:

“Məni və rol aldığım serialı boykot etməyə çalışdılar. Mənim üçün dəyişən bir şey yoxdur, verdiyim reaksiyanın arxasındayam. Hər yerdə zülmə qarşıyıq. Bunların olmaması üçün də əlimizdən gələni etməyə hazırıq”.

“Kadir baba” insanlara da çağırış edib:

“Dünyada vicdan və əxlaq sahibi olan hər bir insan müharibəyə qarşı çıxmalıdır. Biz də ölkə olaraq bu müharibəyə qarşıyıq”.

Aktyor israilli pərəstişkarlarına da mesaj göndərib:

“Mən də hadisənin bu qədər böyüyəcəyinə inanmırdım. Serialımız İsraildə də izlənilir. Sevilən bir obraz olduğumu düşünürəm. Yəqin ki, mənim vicdan sahibi olmağım onlarda xəyal qırıqlığına səbəb olub. Məncə, normal bir insanın etdiyi kimi mövqeyimi ortaya qoydum”, – deyə məşhur sənətçi əlavə edib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər