Həyatını belə etibar edə biləcəyin 5 BÜRC
Hər insanın həyatında etibar etdiyi birisi var. Amma bu etibar hər kəsə verilməz. Etibar illərlə qurulan, amma bir anla dağılan ali bir hisdir. Kiminsə gözünə baxıb, “sənə güvənirəm” demək, əslində çox şeydən xəbər verir. Hər kəsə etibar etmək olmaz, bəziləri sirrini oyun çevirər, bəziləri isə çətin anında üzünə vurar. Amma elə insanlar da var ki, yanında olanda ürəyin rahat döyünür. Onlara demədən belə inanırsan: “Bu adam mənim tərəfimdədir”…Ulduzlar da bu xüsusiyyətdə bəzi bürclərin adını önə çəkir.
Patrulaz.az-ın astroloji təhlili əsasında, gəlin, həyatda gözüyumulu güvənə biləcəyimiz 5 bürc ilə tanış olaq:
Buğa bürcü – “Sənin sirrin mənimlə məzardadır”

Buğa danışmaqla deyil, davranışı ilə etibar qazanan insandır. Sakitdir, amma hər şeyi izləyir. Az danışır, amma dediyi hər söz yerində və dürüstdür. Onunla bir sirr paylaşanda bilirsən ki, bu sirr havaya sovrulmayacaq. Öz dünyasını yavaş-yavaş qurur, amma içəri aldığı insanları heç zaman yarı yolda buraxmır. Yalnız fiziki deyil, emosional sabitlikləri ilə də güvən oyadırlar. Həyatında bir Buğa varsa, arxanda divar var deməkdir.
Güclü tərəfi: Sakit, sabit və sədaqətli
Zəif tərəfi: Təkidli və inadkar ola bilərlər
Əqrəb bürcü – “Səni hamı tərk etsə də, mən buradayam”

Əqrəbi tanımaq çətindir, güvənini qazanmaq daha da çətin… Amma bir dəfə qazandınsa, bir ömür sənin yanındadır. Çətin anlar üçün doğulmuş bu bürc insanları dostlarına qarşı çox sədaqətlidir. Əqrəb səssiz dəstək olan, görünmədən sənə arxa olan, çətinliyini başqasına danışmadan səni çəkinmədən müdafiə edən biridir. Onun sədaqəti zirehlidir, amma etibarını qırarsansa, o zireh tikanlı divara çevrilə bilər. Əqrəb səni qoruyar, lakin əvvəlcə özünü qorumağı da yaxşı bacarır.
Güclü tərəfi: Qoruyucu və sadiq
Zəif tərəfi: Qısqanc və intiqam meyilli
Oğlaq bürcü – “Mən söz verdimsə, yerinə yetirəcəyəm”

Oğlağa bir iş tapşırdınsa, artıq unuda bilərsən, çünki o, sənə demədən, səs-küysüz şəkildə onu yerinə yetirəcək. Düşüncəsi praktik, davranışı məsuliyyətlidir. Sirrini də, zəif anlarını da qoruyar, yaymaz və səni utandırmaz. Onun güvənini qazanmaq üçün zaman lazım ola bilər, amma o güvən bir dəfə qurulduqdan sonra dağ kimi yanında olacaq. Söz verir, yerinə yetirir. Məsuliyyəti boynuna almaqdan çəkinməz. Bu dünya çox oğlağa borcludur.
Güclü tərəfi: Güvənli, ciddi və çalışqan
Zəif tərəfi: Emosiyaları gizlətmə meyillidirlər
Qız bürcü – “Səninlə maraqlanıram, çünki sən mənim üçün dəyərlisən”

Qız bürcü hər detala fikir verən biridir, amma təkcə mükəmməllik axtardığı üçün deyil, qarşısındakı insanı yaxşı tanımaq, ona daha düzgün yanaşmaq üçün. O, səni dinləyir, anlamadan cavab vermir. Səni müşahidə edir, sorğulamadan qayğı göstərir. Gördüyü qüsuru tənqid etsə də, arxandan yox, üzünə deyər – düzəlsin deyə. Bu bürcə sahib insanlar dürüstlüyü və diqqəti ilə etibar qazanırlar. Hər kəsin ehtiyacı olan bir Qız var əslində – səssiz dayaq…
Güclü tərəfi: Dürüst və məsuliyyətli
Zəif tərəfi: Bəzən həddən artıq tənqidi
Xərçəng bürcü – “Səni yarı yolda qoymaram, çünki səni seçmişəm”

Xərçəng bürcü bir dəfə səni “mənim insanım” saydısa, artıq getməz. Sən getməyincə o getməz. Onun etibarı çox emosionaldır – çünki o, sənə sadəcə güvənmir, səni hiss edir. Sənin ağrını öz ağrısı kimi yaşayar. Sənin qorxunu, sənin sevincini öz həyatı kimi qəbul edər. Və səni qorumaq üçün sonuna qədər dayanır. Amma bir şeyi unutma – Xərçəngin güvənini sındırmaq, onu özündən uzaqlaşdırmaq deməkdir. O zaman o, səni sevdiyi qədər unuda da bilər.
Güclü tərəfi: Qəlbdən sevən və sahib çıxan
Zəif tərəfi: Həddindən artıq emosional
Etibar təkcə bürclərlə ölçülmür, amma astroloji xüsusiyyətlər insanın xarakterini anlamaqda bir işıq rolunu oynaya bilər. Əgər həyatınıza bu 5 bürcdən biri düşübsə, onları qoruyun – çünki belələri nadir tapılır.
Gülbəniz Səfərova






