"Heyvanlara zülm edənlərin cəzasız qalması cəmiyyətimizdə qəddarlığı artırır" - Hicran Məmmədova
Son zamanlar Azərbaycanda heyvanlara, xüsusən də pişiklərə qarşı zorakılıq və amansız davranış halları həddən artıq artıb. Sosial şəbəkələrdə yayılan görüntülər cəmiyyətin ciddi narahatlığına səbəb olur və bu məsələ artıq ictimai rezonansa çevrilib.
Ölkəmizin qanunvericiliyində hansı cəzaların tətbiq olunması heyvanlara qarşı zorakılığın azalmasına kömək edə bilər?
Mövzu ilə bağlı Patrulaz.az-a açıqlama verən heyvan haqları müdafiəçisi Hicran Məmmədova bildirib ki, qanunların işləməməsi uşaqlarda mərhəmət hissinin formalaşmamasına və cəmiyyətin qəddarlaşmasına səbəb olub:
“Ölkəmizdə son zamanlar zorakılıq və işgəncə halları günü-gündən artır. Qanunlar bu sahədə lazımi şəkildə işləmədiyi üçün insanlar da tədricən daha qəddar olurlar. Uşaqlar da bu mühitdə böyüyür, valideynlərdən gördüklərini təkrarlayır və mərhəmət hissi formalaşmır. Məktəblərdə və bağçalarda uşaqlara heyvanlara qarşı mərhəmət, qayğı və düzgün davranış öyrədilmir. Ailələrin çoxunda da bu dəyərlər yoxdur. Halbuki bir çox digər millətlərdə bu tərbiyə uşaqlara kiçik yaşlardan aşılanır.
Məsələn, rus icmasında bu məsələyə daha həssas yanaşırlar. Mən hələ indiyə qədər bir rusun heyvana işgəncə verməsi, yaxud itlərin onlara hücum etməsi ilə bağlı hadisə eşitməmişəm. Əksinə, küçələrdə rus vətəndaşlarını tez-tez heyvanları yemləyən, müalicə etdirən, əməliyyata aparan insanlar kimi görürük. Bizim cəmiyyətdə isə heyvanlara qarşı laqeydlik və qəddarlıq çoxdur. İtləri və pişikləri zəhərləyir, döyür, öldürürlər. Məsələn, Sumqayıtda bu yaxınlarda pişiklərin dili kəsilmiş və öldürülmüş halda tapılmışdı. Bir qız polisə müraciət etsə də, polis yalnız şikayəti qeydiyyata alıb, heç bir tədbir görməyib. Sanki heyvanların hüququnu qorumaq heç kimin vəzifəsi deyil”.

H.Məmmədova İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsini xatırladaraq bildirib ki, bu qanuna əsasən heyvana şiddət göstərən və ya onu öldürən şəxslər cərimələnməlidir. Lakin, onun sözlərinə görə, bu maddənin tətbiqinə cəmiyyət və məsul şəxslər tərəfindən kifayət qədər diqqət yetirilmir:
“İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən, heyvana şiddət göstərən və ya onu öldürən şəxslər 500–800 manat, hüquqi şəxslər isə 2000 manat cərimə olunmalıdır. Amma bu qanun demək olar ki, tətbiq edilmir. Polis orqanları çox vaxt hadisəni araşdırmaqdan imtina edir, sənəd və sübut tələb edir. Amma heyvan danışa bilmədiyi üçün bu sübutları təqdim etmək mümkün olmur. Nəticədə cinayətkarlar cəzasız qalır.
Ən dəhşətlisi odur ki, bəzi rayonlarda uşaqlar diri heyvanları tonqala atır, pişik və itlərə zülm edirlər. Bu, çox ciddi təhlükədir, çünki dünyada aparılan araşdırmalara görə, heyvanlara zülm edən insanların böyük bir qismi sonradan insanlara qarşı da zorakılıq törədir. Yəni bu, sadəcə heyvan hüquqları məsələsi deyil, həm də cəmiyyətin gələcəyi ilə bağlı təhlükədir”.

Ekspertin fikrincə bu məsələ məktəblərdə tərbiyə işinin bir hissəsinə çevrilməlidir:
“Biz heyvansevərlər dəfələrlə aksiya keçirib, məktublar yazıb, məsələni gündəmə gətirmişik amma nəticə dəyişmir. Nə qədər jurnalistlərə açıqlama veririk, müsahiblərə çağırırlar gedirik, danışırıq, yazırlar, öz işlərini görürlər, amma nə irəliləyiş var ki burada?
Düzdür, bəzi təşkilatlar öz işlərini görür, amma heç bir jurnalist bu məsələyə diqqət yetirmir: məktəblərdə ən azı həftədə bir dəfə 10 dəqiqə ayrılmalı, müəllimlər və ya heyvansevərlər uşaqlarla söhbət aparmalıdır. Bu cür təlimatlarla uşaqlarımızın qəddar və cəllad deyil, mərhəmətli və anlayışlı insanlar kimi böyüməsi təmin edilə bilər.
Rus sektorlarında vəziyyət bu baxımdan daha yaxşıdır. Rusları çox vaxt bəyənmirlər, amma bu məsələdə onlardan daha mərhəmətli insanlar az tapılar. Mən Bakıda tanıdığım nə qədər rus varsa, hamısı hər gün küçədə heyvanlara yem verir, onları müalicə etdirir, əməliyyata aparır. Biz də eyni şeyi edirik, amma biz bu millətin içində barmaqla sayılası qədərik, onların isə əksəriyyəti belə davranır. Əlbəttə, hər millətdə həm yaxşı, həm də pis insanlar ola bilər. Amma heyvanlara münasibət məsələsində fərq çox aydındır.
Bu məsələ məktəblərdə tərbiyə işinin bir hissəsinə çevrilməlidir. Uşaqlara kiçik yaşdan mərhəmət və canlılara hörmət aşılanmalıdır. Məsələn, Avropada və İngiltərədə heyvana qarşı sərt hərəkət edən şəxslər cərimə olunur, parklara girişlərinə qadağa qoyulur. Londonda bir nəfər oğlumun itinə qışqırdığı üçün 200 funt sterlinq cərimə edildi və 1 il parkdan istifadə etməsinə icazə verilmədi.Bizdə isə ictimai nəqliyyatda qucağında balaca pişiklə minən insana qəribə baxırlar”.

Heyvan haqları müdafiəçisi bildirib ki, dövlət Azərbaycanda heyvanlara şiddəti azaltmaq məqsədilə qanunu sərtləşdirməli və maarifləndirmə işləri aparmalıdır:
“Bəzi rayonlarda yaşayanlar şəhərə gələndə elə rəftar edirlər ki, sanki rayonda heç heyvan görməyiblər. Cəmiyyətimizdə heyvanlara münasibət çox bərbad vəziyyətdədir. Halbuki heyvan da canlıdır, təbiətin bir parçasıdır. Dünya yalnız insanlara aid deyil. Əgər dövlətimiz gələcəyimizi düşünürsə, bu məsələyə ciddi yanaşmalı, həm qanunların işləməsini təmin etməli, həm də maarifləndirmə işlərini gücləndirməlidir. Əks halda, zorakılıq və cinayət halları get-gedə daha da artacaq”.
Cəmilə Cəfərzadə






