Tramp: İran liderləri xəstə insanlardır"
“İran liderləri axmaq və xəstə insanlardır”.
Patrul.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammitindəki mətbuat konfransı zamanı İran rəhbərliyi haqqında danışarkən deyib.
Tramp bu bəyanatı ilə ABŞ və İran arasında bir müddətdir davam edən müvəqqəti atəşkəsin rəsmən bitdiyini elan edərək, İrana qarşı yeni bir sıra hərbi zərbələr endirilməsi barədə əmr verdiyini açıqlayıb.
Ağ Ev rəhbəri İran liderlərini kəskin tənqid atəşinə tutub:
“Onlar iyrəncdirlər. Onlar xəstə insanlardır. Onlara xəstə adamlar rəhbərlik edir; onlar pis və zorakı insanlardır. Məncə, onlarla işləmək sadəcə vaxt itkisidir. Onlar yalançıdırlar… Onlarda nəsə problem var, ağılları başlarında deyil”.
Bununla belə, Tramp gələcəkdə İranla danışıqların tamamilə istisna edilmədiyini və müəyyən şərtlər daxilində davam edə biləcəyini də sözlərinə əlavə edib.
Xatırladaq ki, ABŞ və İran arasında ötən ay (iyun ayında) müvəqqəti atəşkəs və Anlaşma Memorandumu imzalanmışdı. Lakin bu razılaşmaya baxmayaraq, hadisədən dərhal əvvəl İran ordusu Hörmüz boğazından tranzit keçən bir neçə kommersiya gəmisinə, o cümlədən Hindistan gəmilərinə dron və raketlərlə hücum təşkil edib. Vaşinqton bu addımı atəşkəsin birbaşa pozulması və qlobal gəmiçilik azadlığına ciddi təhdid kimi qiymətləndirib.






