media-inshot_20260128_221320877

Şəhərlərdə kirayə mənzillərdə yaşayanların sayı artdıqca, qonşular arasında yaranan səs-küy, ev heyvanları və təmir işləri ilə bağlı məsələlər də gündəmdə daha çox yer alır. Bu problemlər yalnız gündəlik həyatın rahatlığını pozmur, həm də kirayəçi ilə ev sahibi arasındakı münasibətlərdə gərginlik yarada bilər.

Kirayə mənzillərdə yaşayanların hüquqları və öhdəlikləri, həmçinin qonşuların səs-küy və digər narahatlıqlardan qorunması üçün hansı mexanizmlər mövcuddur?

Bu mövzu ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Elçin Kazımi Patrul.az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, gecə saat 23:00-dan 07:00-a qədər məişət və ictimai yerlərdə yüksək səslə səs-küy yaratmaq qadağandır və pozuntular inzibati və mülki məsuliyyətə səbəb olur:

“Səs-küyün tənzimlənməsi ilə bağlı əsas hüquqi normalar Azərbaycan qanunvericiliyində ictimai əsaişin qorunması, eləcə də vətəndaşların istirahət hüququnun təmin edilməsi kontekstində əsaslı şəkildə nəzərdə tutulur. Əsas normativ hüquqi aktlar bunlardır: İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi – məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli 796 nömrəli fərmanı – vibrasiya və səs-küy normaları ilə bağlı; eləcə də Mülki Məcəllənin 170-ci maddəsi – qonşuluq hüququ ilə bağlıdır.Ümumiyyətlə, sükut vaxtı qanunvericiliklə müəyyən olunub: axşam saat 23:00-dan səhər saat 7:00-dək. Mənzillərdə, yaşayış binalarında, girişlərdə və həyətlərdə səs-küy yaratmaq məsələn, uca səslə oxumaq, qışqırmaq, musiqi alətləri ifa etmək, radio və televizoru yüksək səslə işlətmək, səs-küylü məişət avadanlıqlarından istifadə etmək səs-küy normalarının pozulması hesab olunur. Cənab Prezidentin 796 nömrəli fərmanına əsasən, yaşayış və ictimai binalarda səs təzyiqinin ekvivalent səviyyəsi, yəni enerjinin maksimal səviyyəsi müvafiq cədvəllər əsasında müəyyən edilir. Bu normalar gündüz saatlarında saat 07:00-dan 23:00-a qədər tətbiq olunan desibel həddini əhatə edir. Gecə saatlarında, yəni 23:00-dan 07:00-a qədər olan daha aşağı səs-küy səviyyəsidir.İctimai obyektlərdədə səs-küy üçün xüsusi məhdudiyyətlər nəzərdə tutulur. İnzibati məsuliyyət məsələsində, İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, fiziki şəxslər 150 manatdan 200 manata qədər cərimələnir, təkrar pozuntuda isə cərimə məbləği artırıla bilər. Hüquqi şəxslər üçün isə daha yüksək sanksiyalar tətbiq olunur. Əhəmiyyətli bir məsələ də var: əgər səs-küy kirayəçi tərəfindən yaradılırsa, həm kirayəçi inzibati məsuliyyət daşıyır, həm də mülkiyyətçi -ev sahibi kirayə müqaviləsinə xitam vermək hüququ qazanır. Mülki hüquqi məsuliyyət isə Mülki Məcəllənin 170-ci maddəsinə əsasən, qonşuluq hüququnun pozulması hallarında tətbiq olunur. Zərərçəkmiş şəxs adi istifadədən və ya iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək zərərə məruz qalarsa, pul formasında kompensasiya tələb edə bilər. Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən səs-küy hallarında maddi və mənəvi zərərin ödənilməsi tələb oluna bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə məsuliyyəti müəyyən edir. Həmin maddəyə əsasən, mənzillərdə, yaşayış binalarının girişlərində, həyətlərdə, küçələrdə, istirahət və digər ictimai yerlərdə gecə vaxtı saat 23:00-dan 07:00-dək səs-küy salmaq, ucadan mahnı oxumaq, musiqi alətlərini, maqnitofonları və digər səs aparatlarını yüksək səslə işlətmək, eləcə də məişət səs-küyünə qarşı mübarizə qaydalarını başqa üsullarla pozmaq qadağandır. Bu cür hallara görə fiziki şəxslər 150 manatdan 200 manata qədər, vəzifəli şəxslər isə 2000 manatdan 2500 manata qədər məbləğdə cərimə olunurlar”.media-inshot_20260128_221020354

K. Elçin vurğulayıb ki, çoxmənzilli binalarda ev heyvanlarının saxlanılması qonşuların rahatlığını pozmamalı, sanitariya-gigiyena normalarına ciddi şəkildə riayət edilməli və bu qaydaların pozulması inzibati məsuliyyətə səbəb olur:

“Ev heyvanlarının saxlanması qaydalarına gəldikdə isə, hüquqi çərçivə ondan ibarətdir ki, çoxmənzilli binalarda ev heyvanlarının saxlanması zamanı qonşuların hüquqları pozulmamalı və sanitariya-gigiyena normalarına əməl edilməlidir. Bu sahədə əsas normativ hüquqi akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli, 38 nömrəli qərarıdır və həmin qərar yaşayış məntəqələrində it, pişik və digər ev heyvanlarının saxlanması qaydalarını müəyyən edir. Qaydaların əsas tələbləri və məhdudiyyətləri sırasında səs-küy məsələsi xüsusi yer tutur. Belə ki, heyvanların saxlanması qonşuların istirahət və sakitlik hüququnu pozmamalıdır.Burada əsas tələblər və məhdudiyyətlər ev heyvanlarının saxlanılması ilə bağlıdır. Səs-küy məhdudiyyətlərinə görə, heyvanların saxlanılması qonşuların istirahət və sakitlik hüququnu pozmamalıdır. Xüsusilə gecə saatlarında hürmə və digər səs-küy hallarına yol verilməməlidir.Sanitariya-gigiyena normalarına əsasən, çoxmənzilli binaların ümumi istifadə yerlərinin pilləkənlərin, dəhlizlərin, girişlərin və həyətlərin heyvanlar tərəfindən çirkləndirilməsinə yol verilməməlidir. Müqavilə şərtlərinə gəldikdə, əgər kirayə müqaviləsində ev heyvanlarının saxlanılmasına dair xüsusi qadağa nəzərdə tutulubsa, bu şərt hüquqi baxımdan məcburidir və kirayəçi ona əməl etməlidir. Təhlükəsizlik tədbirləri çərçivəsində heyvanlar digər sakinlər üçün təhlükə yaratmamalı və aqressiv davranış göstərməməlidir.Kirayə münasibətlərində ev heyvanları ilə bağlı məsələlər müqavilədə açıq şəkildə göstərilməlidir. Buraya heyvan saxlanılmasına icazə verilib-verilməməsi, icazə verildiyi halda heyvanın növü və sayına dair məhdudiyyətlər, heyvanın vurduğu zərərə görə məsuliyyətin kimə məxsus olması, həmçinin müqavilə şərtlərinin pozulması halında tətbiq ediləcək sanksiyalar daxildir. Bu sahədə məsuliyyət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsi ilə tənzimlənir. Həmin maddədə ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə sanitariya-gigiyena normalarına əməl edilməməsi, heyvanların qeyri-münasib saxlanılması, ümumi istifadə yerlərinin çirkləndirilməsi və qonşuların narahatlığına səbəb olan səs-küy halları ilə bağlı sanksiyalar nəzərdə tutulur. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 291-ci maddəsində it, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə məsuliyyət ayrıca göstərilir”.

Vəkilin sözlərinə görə, təmir və yenidənqurma işləri digər sakinlərin rahatlığını və təhlükəsizliyini pozmamalı, qanunla müəyyən edilmiş saatlarda aparılmalı və zərər hallarında məsuliyyət daşınmalıdır:

“Təmir və yenidənqurma işlərinin aparılması qaydaları və bunun üçün hüquqi əsaslar ondan ibarətdir ki, yaşayış sahələrində görülən bu işlər digər sakinlərin təhlükəsizliyinə və rahatlığına xələl gətirməməlidir. Burada əsas normativ aktlar Mənzil Məcəlləsinin 24-cü maddəsi, yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması ilə bağlı Mülki Məcəllənin 170-ci maddəsi (qonşuluq hüququ) və zərərin ödənilməsi ilə bağlı Mülki Məcəllənin 1096-cı maddəsidir. Zərər dəydiyi hallarda bu maddələrin tətbiqi mümkündür. Təmir işlərinin vaxtı və məhdudiyyətləri qanunvericiliklə tənzimlənir. Səs-küylü təmir işləri üçün müəyyən edilmiş vaxt çərçivələri mövcuddur. İş günlərində, adətən, saat 09:00-dan 20:00-dək, bəzi hallarda isə 19:00-dək bu cür işlərə icazə verilir. İstirahət günlərində ağır təmir işlərinin aparılması ümumiyyətlə məhdudlaşdırılır, bayram günlərində isə səs-küylü təmir işləri qadağandır. Bu məhdudiyyətlərin pozulması qonşuluq hüququnun pozulması kimi qiymətləndirilir.

Bəs hüquqların qorunması mexanizmi necədir? İlk növbədə inzibati qaydada müdafiə tədbirləri görülməlidir. Səs-küy və ictimai asayişin pozulması halları ilə bağlı polisə müraciət olunmalı, 102 xidmətinə zəng edilməlidir ki, dərhal müdaxilə həyata keçirilsin. Polis əməkdaşı hadisə yerinə gələrək müvafiq protokol tərtib edir və inzibati xəta ilə bağlı materiallar hazırlayır. Bundan sonra məsələ mənzil mülkiyyətçilərinin müştərək fəaliyyəti çərçivəsində də müzakirə oluna bilər. Binadaxili qaydaların və ümumi əmlakdan istifadə normalarının pozulması hallarında qonşular arasında vasitəçilik tədbirləri görülə, həmçinin icra hakimiyyəti orqanlarına bu barədə məlumat verilə bilər.

Ümumilikdə, təmir və yenidənqurma işlərinin aparılması qaydaları və bununla bağlı hüquqi əsaslar ondan ibarətdir ki, bu işlər yaşayış sahələrində digər sakinlərin təhlükəsizliyinə və rahatlığına heç bir halda xələl gətirməməlidir. Kirayə müqaviləsinin şərtlərinə əsasən kirayəçi yaşayış sahəsində yazılı razılıq olmadan yenidənqurma və ya yenidən planlaşdırma xarakterli təmir işləri apara bilməz. Kirayəçi yaşayış sahəsini yararlı vəziyyətdə saxlamalı, həmçinin qonşuların hüquqlarına və qanuni mənafelərinə hörmət etməli, yaşayış sahəsindən istifadə qaydalarına riayət etməyə borcludur. Cari təmir işləri kirayəçinin öz vəsaiti hesabına həyata keçirilir. Bununla yanaşı, təmir zamanı vurulan zərərə görə məsuliyyət də mövcuddur. Zərərin ödənilməsi Mülki Məcəllənin 1096-cı maddəsində nəzərdə tutulub. Təmir işləri zamanı qonşu mənzilə dəymiş maddi ziyan məsələn, su sızması nəticəsində tavanın və divarların zədələnməsi, çatların yaranması, vibrasiya nəticəsində baş verən zədələr tam həcmdə ödənilməlidir. Zərərin ödənilməsi məsələsi Mülki Məcəllənin 1096-cı maddəsində öz əksini tapır.Bu cür hallarda hüquqların qorunması inzibati qaydada da həyata keçirilir. Polis əməkdaşı hadisə yerinə baxış keçirərək müvafiq protokol tərtib edir, inzibati xəta haqqında materiallar hazırlanır. Eyni zamanda, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti də məsələ ilə bağlı öz səlahiyyətləri çərçivəsində tədbirlər görə bilər”.

Həmçinin, E. Kazımi qeyd edib ki, kirayə müqaviləsində səs-küy, ev heyvanları və təmir işləri ilə bağlı konkret qaydalar və məsuliyyətlər açıq şəkildə göstərilməlidir:

“Kirayə müqavilələrində problemlərin qarşısını almaq üçün müqavilədə aşağıdakı xüsusi bəndlər göstərilməlidir. Səs-küy ilə bağlı, məsələn, kirayəçi saat 23:00-dan 07:00-a qədər sükut rejiminə əməl etməyə borcludur. Sakitlik rejiminin sistematik şəkildə əməl olunmaması müqaviləyə əsasən tərəflərdən birinin məsuliyyətə cəlb olunması üçün əsasdır. Ev heyvanları ilə bağlı müqavilədə göstərilə bilər ki, yaşayış sahəsində ev heyvanlarının saxlanması qadağandır və ya yalnız müəyyən şərtlər daxilində icazə verilir. Kirayəçi ilə müqavilədə bu şərtlər, o cümlədən heyvanların vurduğu zərərin kirayəçi tərəfindən tam ödənilməsi və ya təmir işlərinin yalnız kirayəçinin razılığı ilə aparılması kimi məqamlar konkret olaraq nəzərdə tutula bilər. Cari təmir işlərinin günün hansı saatlarında aparılacağı da müqavilədə göstərilə bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər