Hindistanın ən çox əhalisi olan ştatında faciə: 89 nəfər öldü, 114 heyvan tələf oldu
Hindistanda ən çox əhalinin yaşadığı Uttar-Pradeş ştatında şiddətli fırtına, ildırım çaxması, dolu və leysan yağışları nəticəsində 89 nəfər həlak olub.
Patrul.az xəbər verir ki, təbii fəlakət səbəbindən 53 nəfər yaralanıb, regionda isə 114 baş ev heyvanı (böyük və xırda buynuzlu) tələf olub.
Bildirilib ki, insanların əksəriyyəti ildırım vurması, güclü küləyin ağacları və yol kənarındakı reklam lövhələrini aşırması, həmçinin yaşayış evlərinin divarlarının uçması nəticəsində həlak olub.
Fırtına 87 evi tamamilə zədələyib, yol kənarındakı ticarət köşklərini dağıdıb və ağacları avtomobillərin üzərinə aşırıb.
Kəskin hava şəraiti Yeni Dehlidə də müşahidə olunub, nəticədə bu, İndira Qandi Beynəlxalq Hava Limanında uçuşların təxirə salınmasına və ya gecikməsinə səbəb olub.






