media-inshot_20260406_204035604

Hörmüz boğazı ətrafında artan gərginlik və tanker hərəkətinin kəskin azalması qlobal enerji və logistika zəncirində ciddi risklər yaradır. Bu marşrutun məhdudlaşması dünya bazarında qiymət artımını sürətləndirə və idxaldan asılı ölkələrə birbaşa təsir göstərə bilər. Bu fonunda Azərbaycanda da bəzi sahələrdə bahalaşma ehtimalı gündəmə gəlir.

Bəs Hörmüz boğazının bağlanması Azərbaycanda hansı sahələrdə bahalaşmaya gətirib çıxara bilər?

Bu barədə iqtisadçı Xalid Kərimli Patrul.az-a açıqlamasında bildirib ki, Hörmüz boğazının bağlanması nəqliyyat və enerji xərclərini artıraraq Azərbaycanda qiymətlərin yüksəlməsinə səbəb ola bilər:

“Hörmüz boğazının bağlanması bütün sahələrdə bahalaşmaya gətirib çıxara bilər. Niyə? Çünki daşınma xərcləri artır. Ölkə idxaldan asılıdır, idxal isə əsasən Çindən, Türkiyədən və Rusiyadan gəlir. Xüsusilə okean üzərindən daşınma ilə şərqdən gələn məhsulların qiymətində artım müşahidə oluna bilər. Eyni zamanda, təyyarə və ya yük maşınları ilə daşınan, Türkiyə və Rusiyadan gələn məhsullar, həmçinin dəmir yolu daşımaları da nəzərə alınmalıdır. Bu baxımdan ümumilikdə daşınma xərclərinin artması qiymətlərin yüksəlməsinə səbəb ola bilər.

İkinci məqam ondan ibarətdir ki, yerli istehsalın da maya dəyəri artır. Çünki yerli istehsal müəssisələri xammal və digər ehtiyatları birbaşa xaricdən əldə edir və ölkə daxilində tam qapalı istehsal zənciri mövcud deyil. Bu isə istehsal xərclərinin artması riskini yaradır.

Üçüncü məqam isə neft və qaz qiymətlərinin artması ilə bağlıdır. Enerji qiymətlərinin yüksəlməsi məhsulların istehsal və alış qiymətlərinə təsir edir. Beləliklə, daşınma xərclərinin artması ilə yanaşı, enerji daşıyıcılarının bahalaşması da ümumi qiymət artımını gücləndirir”.

media-img-20260406-wa0053

İqtisadçı qeyd edir ki, daşınma və enerji xərclərinin artması idxal məhsullarını bahalaşdırır, neft-qaz əsaslı sahələrdə isə bu təsir daha güclü olur:

“Nəticə etibarilə, daşınma xərclərinin artması, istehsal maya dəyərinin yüksəlməsi və enerji qiymətlərindəki dəyişikliklər idxal məhsullarının qiymətini artırır. Bununla belə, hər məhsulda bu artımın payı fərqli ola bilər və bu, rəqabət mühitindən də asılıdır. Rəqabət imkan verdiyi qədər qiymətlər arta bilər.

Ümumilikdə, baş verən proseslər idxalın həm alış qiymətlərini, həm də daşınma xərclərini artırır. Xüsusilə neft-kimya məhsullarında hansı ki, neft qaz məhsulları çox istifadə olunur burada bahalaşma nisbətən daha çox oluna bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər