“Hücum etməyi düşünürsünüzmü?” - Trampdan Venezuela sualına ikili "xeyr" CAVAB
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venezuelaya hərbi müdaxilə planlaşdırması ilə bağlı yayılan iddialara münasibət bildirib.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, Vaşinqtondan Floridaya uçan Tramp təyyarədə jurnalistlərin “Venezuelaya hücum etməyi düşünürsünüzmü?” sualına qısa şəkildə “xeyr” cavabını verib. Prezident eyni mövzu ilə bağlı – “Bununla bağlı qərar vermisinizmi?” sualına da “Xeyr” cavabını verib.
İddialar “Herald” qəzetində dərc olunan məqalədən sonra yenidən gündəmə gəlib. Məqalədə ABŞ ordusunun Venesueladakı müəyyən hərbi obyektlərə hər an zərbə endirməyə hazır olduğu irəli sürülüb.
Digər tərəfdən, ABŞ-lə qarşıdurma ehtimalını nəzərə alan Venezuela Prezidenti Nikolas Maduronun Rusiyadan “təcili hərbi dəstək, o cümlədən raket sistemləri” tələb etdiyi bildirilir.
Qeyd edək ki, Tramp daha əvvəl Latın Amerikasında narkotik kartellərinə qarşı mübarizə çərçivəsində qanun imzalayıb və bu qərarın ardından ABŞ dəniz qüvvələrinin sualtı qayıqlar və döyüş gəmilərindən ibarət bir qrupunu Venesuela sahillərinə yönləndirib.






