Hücumçuya qarşı mübarizə apararaq yaralı şagirdləri xilas edən qəhrəman ata...
Kahramanmaraşda 14 yaşlı şagirdin məktəbdə törətdiyi silahlı hücum zamanı bir aşpazın göstərdiyi cəsarət daha böyük faciənin qarşısını alıb.
Patrul.az xəbər verir ki, Gənclər və İdman İdarəsində çalışan Necmettin Bekçi övladlarının da təhsil aldığı məktəbdən gələn silah səslərini eşidən kimi tərəddüd etmədən hadisə yerinə qaçıb.
Arxa qapıdan binaya daxil olan aşpaz, həmin an yeməkxana işçisi və iki müəllimin silahlı hücumçunu zərərsizləşdirməyə çalışdığını görüb. Öz canını təhlükəyə ataraq dərhal onlara qoşulan Bekçi, hücumçunun qaçmasına imkan verməyib. Polis gələnə qədər müqavimət göstərərək cinayətkarı ram edib və onun təslim olmasını təmin edib.
Həm qəhrəman, həm ata…
Təcavüzkar zərərsizləşdirildikdən sonra Necmettin Bekçi dərhal sinif otaqlarına qaçaraq yaralı şagirdlərə ilk yardım göstərməyə başlayıb. Bir tərəfdən yaralıları xilas etməyə çalışan qəhrəman ata, digər tərəfdən çaxnaşma içində öz övladlarını axtarıb. Hər iki övladının sağ-salamat olduğunu öyrəndikdə isə keçirdiyi hissləri sözlə ifadə etmək mümkün olmayıb.
Necmettin Bekçi açıqlamasında yeganə məqsədinin uşaqların daha çox zərər görməsinin qarşısını almaq olduğunu bildirib.
Onun bu cəsarətli müdaxiləsi olmasaydı, hadisənin miqyasının daha dəhşətli ola biləcəyi bildirilir. Bu gün Kahramanmaraş onu sadəcə bir aşpaz deyil, onlarla canı xilas edən məktəb qəhrəmanı kimi tanıyır.






