media-inshot_20260415_165825816

Son illərdə məktəblilərin psixoloji və fiziki sağlamlığının qorunması, xüsusilə də yuxu rejiminin düzgün təşkili məsələsi cəmiyyətdə geniş müzakirə olunur. Bir sıra mütəxəssislər ibtidai siniflərdə dərslərin daha gec saatlarda başlamasının uşaqların diqqətini və öyrənmə qabiliyyətini artıracağını bildirsələr də, bu yanaşma ilə razılaşmayanlar da var.

Bəs gələcəkdə ibtidai siniflər üçün dərslərin daha gec başlaması mümkündürmü?

Bu nə qədər effektiv ola bilər?

Mövzu ilə bağlı təhsil eksperti Vüsət Əzizov Patrul.az-a bildirib ki, son illərdə bu tip məsələlər həqiqətən geniş müzakirə olunur və təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə araşdırılır:

“Bəli, gələcəkdə ibtidai siniflər üçün dərslərin daha gec başlaması mümkündür, amma nəzərə almaq lazımdır ki,bu qaydanın tətbiqi bir neçə amildən asılıdır və effektivlik isə öz növbəsində yaş qrupuna görə dəyişir.

Bu sahədə aparılan araşdırmaların nəticəsi göstərir ki, yeniyetmə yaşlarında olan uşaqların bioloji saatı gec yatmağa meyllidir və bu da yuxu çatışmazlığı, diqqətin azalmasına, yaddaş problemlərinə ,əsəbilik və stressə səbəb olur. Bu səbəbdən də bəzi mütəxəssislər düşünür ki, dərslərin daha gec başlaması yuxu keyfiyyətini artıraraq öyrənmə qabiliyyətini yaxşılaşdıra bilər.

Amma ibtidai siniflərdə təhsil alan şagirdlərdə bu proses fərqlidir. Burada vacib məqamlar var. Məsələn kiçik yaşlı uşaqlar (6-10 yaş) adətən daha tez yorulur və bioloji olaraq daha tez yatmağa meyllidir, lakin səhər saatlarında daha aktiv ola bilirlər. Yəni yuxarıda qeyd olunan təklif daha çox yuxarı siniflər və yeniyetmələr üçün daha uyğun hesab olunur”.

Ekspert dərslərin daha gec saatda başlamasının mümkün faydalarından danışıb:

“Əgər bu qaydalar düzgün tətbiq olunarsa şagirdlərdə diqqət və konsentrasiya arta bilər və öyrənmə effektivliyi yaxşılaşar,yuxu müddəti uzanar və psixoloji vəziyyət də stabilləşər.

Lakin məktəbdə dərs saatlarının dəyişməsi müəyyən çətinliklər də yarada bilər. Çünki az yaşlı məktəbliləri adətən valideynlər təhlükəsizlik və digər məsələlərə görə özləri məktəbə aparır. Dəyişiklik zamanı dərs saatları valideynlərin iş qrafiki ilə uyğunlaşmaya bilər,məktəblərin iki növbəli sistemi çətinləşər və günün sonuna qədər uşaqlar daha gec yorula bilər.

Bəzi ölkələrdə artıq bu istiqamətdə addımlar atılıb. Məsələn ABŞ və Avropanın bəzi bölgələrində dərs saatları gec başlayıb və nəticələr də əsasən müsbət istiqamətdə olub, amma ən böyük faydalılıq yeniyetmələr arasında müşahidə olunub”.

media-inshot_20260415_165607153

V.Əzizovun sözlərinə görə, ölkəmizdə bu sistemi birdən-birə tətbiq etmək  valideynlər tərəfindən ciddi narazılıq yarada bilər:

“Ona görə də bu sistemi Bakı şəhərində müəyyən seçilmiş məktəblərdə pilot layihə kimi tətbiq etmək olar. Məsələn 1 il ərzində bu sistemi tətbiq etməklə yekunda şagirdlərin dərs nəticələrini,yuxu müddəti, diqqət səviyyəsi və valideyn məmnuniyyəti qiymətləndirmək olar. Araşdırmanın nəticəsi müsbət olduğu halda pilot məktəblərin sayını da artırmaq və daha sonra digər regionlarda da tətbiq etmək olar.

Hər bir halda bu tip qərarlar qəbul edilməmişdən əvvəl ictmai müzakirəyə çıxarılmalı və cəmiyyətin fikri də nəzərdən keçirilməsi daha effektiv nəticə göstərən qərarların qəbul edilməsində mühüm rol oyanya bilər”.

Ləman Sərraf


Bənzər xəbərlər