“İctimai nəqliyyatda qayda pozuntuları gərginliyi artırır” Sosioloq
Son günlər ictimai nəqliyyatda insanların bir-birinə qarşı hörmətsiz davranması, kiçik anlaşılmazlıqlardan belə mübahisə və hətta davaların yaranması adi hala çevrilib. Sıxlıq, tələskənlik və şəxsi məsuliyyət hissinin azalması fonunda bəzi sərnişinlər davranışlarını idarə etməkdə çətinlik çəkir. Nəticədə həm gərginlik artır, həm də ümumi mühit pozulur.
Bəs ictimai nəqliyyatda yaşanan bu davranış problemləri cəmiyyətə necə təsir edir?
Bu barədə sosioloq Mətanət Məmmədova Patrul.az-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda yaranan davranış problemləri həm obyektiv, həm də subyektiv səbəblərdən qaynaqlanır:
“İctimai nəqliyyatda problemlərin iki əsas səbəbi var”
“İctimai nəqliyyatda insanların davranış pozuntuları iki qrupda formalaşır:
- Özlərindən asılı olmayan səbəblər,
- Birbaşa özlərindən asılı olan səbəblər.
Birinci qrupa aid məsələlərdə insanların günahı yoxdur. Hazırda şəhərdə əhali sıxlığı həm metronu, həm də yerüstü nəqliyyatı ciddi şəkildə yükləyir. Hər kəs tələsir: işə, dərsə, evə… Bu da sıxlığa səbəb olur. Sərnişin qarşısındakı insanı sıxışdırıb irəliləməyə çalışanda bu, çox vaxt şəxsi hörmətsizlik deyil — hər kəs sadəcə yerdəyişməyə çalışır. Sıxlığın əsas səbəbi şəhərə kütləvi axının artması, urbanizasiya prosesinin güclənməsidir.
İnsanların özlərindən asılı olan səbəblərə baxdıqda isə tam fərqli mənzərə ortaya çıxır. Bəzən metroda yerlər boş olmur, amma gənclər oturub telefonla məşğul olur, onların başı üzərində yaşlı insanlar ayaq üstə dayanırlar. Bəzi gənclər hesab edir ki, Avropada kiməsə yer vermək hörmətsizlik kimi qəbul edilir və buna görə qalxmağa ehtiyac yoxdur. Lakin bu yanaşma bizim milli-mənəvi dəyərlərimizə uyğun deyil. Azərbaycan cəmiyyətinin öz yazılmamış qaydaları var. Onlardan biri də ictimai nəqliyyatda gənclərin yaşlı və xəstə insanlara yer verməsidir. Bu adət qədimdən mövcuddur və bu gün də davam etməlidir.”
“Yüksək səs, tələsik davranışlar və məsuliyyətsizlik narazılığı artırır”
M.Məmmədova bildirib ki, ictimai nəqliyyatda yüksək səslə danışmaq, tələsik hərəkətlər və idarəolunmaz davranışlar da ciddi problemlər yaradır:
“Bəzi insanlar telefonda o qədər yüksək səslə danışırlar ki, ətrafdakılara narahatlıq yaradırlar. Mədəni insan öz şəxsi söhbətini nə üçün hamıya eşitdirməlidir? Hələ qatar yola düşmədən, kiminsə yüksək səslə telefon danışığını dinləməyə məcbur qalırsan. Bu cür davranışlar sıxlıqdan daha çox narazılıq yaradır.
Qatardan çıxan kimi qaçmaq, platformada insanlara toxunaraq irəliləmək də təhlükəlidir. Əgər insan tələsirsə, evdən bir qədər tez çıxmalıdır. Qatar dayanar-dayanmaz eskalatora qaçmaq həm təhlükə, həm də gərginlik yaradır.”
“Sağ-sol qaydasına əməl etməmək mübahisələrin əsas səbəblərindən biridir”
Sosioloqun sözlərinə görə, ən çox qarşılaşılan problemlərdən biri də sağ-sol keçid qaydalarına əməl edilməməsidir:
“Metroda gün ərzində dəfələrlə elan edilir ki, ‘sağ tərəfdə dayanın, sol tərəfi keçid üçün boş saxlayın’, amma bir çox insan buna əməl etmir. Sol tərəfdə dayanıb arxadan gələnə yol vermirlər və kiçik bir irad bildiriləndə mübahisə yaranır. Bu hal avtobuslarda və küçələrdə də müşahidə olunur. Sağ-sol qaydasına əməl edilmədiyi üçün həm sıxlıq yaranır, həm də gərginlik artır.
Bu problemlərin həlli üçün hər kəs öz üzərində işləməlidir. Maariflənməli, həm yazılmış, həm də yazılmamış qaydalara riayət etməlidir. Çünki ictimai yerlərdə edilən kobud davranışlar cəmiyyətdə ciddi narazılıq yaradır. Kimsə başqasının yüksək səslə telefon danışığını dinləmək məcburiyyətində deyil. Kimsə kiminsə yolunu kəsməməlidir. Orada baş ağrısı olan, yorğun insanlar da olur. Onların rahatlığını pozmaq düzgün deyil.”
“Bu davranışlar gənc nəslin tərbiyəsinə də təsir edir”
“Eskalatorlarda insanların bir-biri ilə mübahisə etməsinin, hətta dava etməsinin yeganə səbəbi sağ-sol qaydasıdır. Bu, ictimai tərbiyənin göstəricisidir. Biz sabah övladlarımıza hansı nümunəni göstəririk? Uşaqlar bizi müşahidə edərək böyüyürlər. Ona görə də hər birimiz davranışımıza diqqət etməliyik. Cəmiyyətin gələcəyi üçün qaydalara əməl etmək vacibdir.
Bir çoxları özünü idarə edə bilmir və bunu ‘tələskənlik’ adlandırır. Əgər tələsirsənsə, evdən daha tez çıxmalısan — bu, başqasının haqqına girməyə əsas vermir. Mədəni insan qaydalara riayət etməlidir.”
Cəmilə Cəfərzadə






