İlan şousu faciə ilə bitdi - 56 yaşlı turist həyatını itirdi
Misirin Hurghada şəhərində yerləşən otellərdən birində təşkil olunan əyləncəli ilan şousu faciə ilə nəticələnib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Bavariya sakini olan 57 yaşlı alman turist kobra dişləməsi nəticəsində ölüb.
Şahidlərin və ailə üzvlərinin məlumatına görə, hadisə qonaqlar üçün nəzərdə tutulmuş ənənəvi şou zamanı baş verib.
“İlan ovsunlayıcısı” kobranı turistin şalvarının balağından içəri buraxmağa çalışıb. Bir neçə dəqiqə sonra ilan kişiyə hücum edərək onu sancıb.
Zəhərin təsiri nəticəsində turistin vəziyyəti kəskin pisləşib və o, dərhal ürək dayanması keçirib. Hadisə yerində göstərilən ilkin tibbi yardıma baxmayaraq, xəstəxanaya çatdırılan şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı həm Misir rəsmiləri, həm də Almaniyanın Memmingen Cinayət Polisi Müfəttişliyi araşdırmalara başlayıb. Ölümün dəqiq səbəbini müəyyən etmək üçün toksikoloji ekspertizanın nəticələri gözlənilir.
Hadisə ilə bağlı hələlik heç kim saxlanılmayıb.
Misir rəsmiləri bu cür təhlükəli şouların təhlükəsizlik protokollarının yenidən nəzərdən keçiriləcəyini bildiriblər.
Gülbəniz Səfərova






