media-1768900095246715428_1200x630

Yanvarın 20-də Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclası keçirilib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanla həyata keçirilən iqtisadi əməkdaşlıq barədə fikirlərini bölüşüb.

Dövlət başçısı bildirib ki, de-fakto sülh bərqərar olduğu üçün

Azərbaycan Ermənistanla iqtisadi əməkdaşlığa və ixrac əməliyyatlarına başlayıb:

“Azərbaycan Qazaxıstandan və Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Bizə artıq Ermənistandan Rusiyaya yüklərin nəql edilməsi ilə bağlı müraciət daxil olub. Yəni biz de-fakto birtərəfli qaydada dəhlizləri açdıq. Bəli, bu gün bu daşımalar Gürcüstan vasitəsilə həyata keçirilir. Ancaq bir gün bu, Ermənistan ərazisindən həyata keçiriləcək. Bir gün Ermənistana məxsus yüklər birbaşa Azərbaycan vasitəsilə daşınacaq və həmin gün çox da uzaqda deyil”.

Prezident İlham Əliyevin bu fikirlərini Patrul.az-a şərh edən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, dövlət başçımız iştirak etdiyi bütün platformalardan Azərbaycanın sülh gündəliyini və sülh təşəbbüslərini irəli aparmaq üçün məharətlə istifadə edir:

“Builki Davos Forumu ilə bağlı qeyd olunmalı ilkin məqam odur ki, Forum “Əməkdaşlıq ruhu” mövzusu üzrə keçir. Forum dünyanı yaxından maraqlandıran “biz daha mübahisəli dünyada necə əməkdaşlıq edə bilərik, yeni artım mənbələrini necə aça bilərik, insanlara necə daha yaxşı sərmayə qoya bilərik, innovasiyaları miqyasda və məsuliyyətlə necə tətbiq edə bilərik, planet sərhədləri daxilində rifahı necə qura bilərik” kimi beş əsas qlobal çağırış üzərində cəmlənib. Azərbaycan Prezidentinin verdiyi açıqlamalara, səsləndirdiyi fikirlərə nəzər yetirərkən dövlət başçımızın fikirlərinin bu beş istiqamətlə səsləşdiyinin şahidi olursan. Deməli, dövlət başçımız dünyanın nəbzini tutmağı bacaran Liderdir”.

media-img-20251222-wa0015-1

Deputat vurğulayıb ki, Azərbaycan Prezidentinin sülh təşəbbüsləri dünya tərəfindən təqdir edilir:

“Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da Azərbaycan Prezidentinə siyasi iradəsinə və regionda sülhə nail olmaq üçün göstərdiyi səylərə görə təşəkkür etdi. Azərbaycan Prezidentinin fəaliyyəti, şəxsi keyfiyyətləri Serbiya Prezidenti Aleksandr Vuçiç tərəfindən növbəti dəfə yüksək dəyərləndirildi.

Forumda cənab Prezident ABŞ-la münasibətlərə toxunaraq bildirdi ki, artıq tərəflər arasında məlumat mərkəzləri, süni intellekt, bağlantı, enerji, həmçinin müdafiə sənayesi üzrə əlaqələr dərinləşdiriləcək. Habelə, strateji tərəfdaşlıq xartiyyasının yaxın vaxtlarda yekunlaşacağı və növbəti ay həyata keçəcəyinin planlaşdırıldığı da vurğulandı”.

“Dövlət başçımız həm ənənəvi, həm də bərpaolunan enerji ilə bağlı olduqca önəmli fikirlər səsləndirdi ki, nə ənənəvi, nə də bərpa olunan enerji ilə bağlı Avropa heç bir sərmayə qoymur. Bərpaolunan enerji sahəsində Azərbaycanın əsas tərəfdaşları BƏƏ, Səudiyyə Ərəbistanı, Çin, Böyük Britaniyadır. Diqqətçəkən məqamlardan biri də Azərbaycanda ikinci mühüm neft bumunu yaşaya biləcəyimizə dair gözləntinin açıqlanması idi. Dövlət başçımız ölkəmizin multikulturalizm, mədəni və etnik müxtəliflik, qarşılıqlı fəaliyyət və birgəyaşayışa sadiqliyini bir daha dünyaya təqdim etdi. Azərbaycanda “Dell Technologies” şirkətinin iştirakı ilə superkompüter mərkəzi yaradılması da qlobal çağırışlar fonunda mühüm məsələdir. Bütövlükdə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Davosda keçirdiyi görüşlər Azərbaycanın milli maraqlarının təmini deməkdir”,– deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər