"İlham Əliyevlə Paşinyanın əl sıxışması sülh prosesinin geridönüşü olmayan bir mərhələyə qədəm qoyduğunu göstərir" - DEPUTAT
Fevralın 19-da Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Patrul.az-a fikirlərini bölüşüb.
Onun sözlərinə görə, Vaşinqtonda Sülh Şurasının ilk iclasında Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin nümayişkaranə şəkildə əl sıxışması cənab İlham Əliyevin təşəbbüsləri üzərində qurulan sülh prosesinin artıq geriyə dönüşü olmayan bir mərhələyə qədəm qoyduğunu göstərməkdədir:
“Dünyanın siyasi nəbzinin döyündüyü bir məkanda bir nömrəli qlobal güc olan ABŞ-nin Prezidentinin öz çıxışında dəfələrlə Azərbaycan və Ermənistan arasında əldə olunan sülhə toxunması və prosesin gedişini yüksək qiymətləndirməsi bu tezisi bir daha sübut edir. Heç şübhəsiz ki, bu reallıq Azərbaycanın hərbi-siyasi zəfərlərindən doğan yeni reallıqda növbəti qələbəsi hesab edilməlidir, çünki Cənubi Qafqazda Azərbaycanın diktə etdiyi şərtlərlə formalaşan sülhə münasibət birmənalı deyil. Bir çox güclər üçün Azərbaycan və Ermənistan arasında müharibəyə son qoyulması həmin subyektlərin Cənubi Qafqaz siyasəti üçün fiasko demək idi”.

“Vətən müharibəsi və antiterror tədbirlərindən sonrakı dövrlərdə də dəfələrlə bu reallıqları dəyişməyə göstərilən cəhdlər sübut edir ki, yeni reallıqlar qlobal miqyasda heç də asan formada qəbullanılmayıb. Lakin Azərbaycan Prezidentinin qətiyyəti, regionda maraqları uzlaşdıra bilməsi, habelə artan güc və imkanlarımız fonunda qeyd olunan istiqamətdə hücumların neytrallaşdırılması proseslərin axarını dəyişdi və ABŞ-nin timsalında artıq bütövlükdə qlobal cameə nəinki yeni reallıqları qəbul etməyə, üstəlik bu reallıqlardan faydalanan tərəf kimi çıxış etməyə cəhd göstərməyə başladı”,– deyə o əlavə edib.
Ləman Sərraf






