media-420

İdman tarixində yeni rekord qeydə alınıb.

Patrul.az xəbər verir ki, Türkiyənin yunan-Roma güləşi üzrə milli komandasının güləşçisi Rıza Kayaalp Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa Güləş Çempionatında tarixi uğura imza atıb.

Belə ki, 130 kq çəki dərəcəsində çıxış edən təcrübəli pəhləvan final görüşündə macar idmançı Darius Attila Vitek üzərində 7:1 hesablı qələbə qazanaraq karyerasının 13-cü Avropa çempionluğunu rəsmiləşdirib.

Bu nəticə ilə Kayaalp dünya güləşinin əfsanəvi simalarından olan Aleksandr Karelinə məxsus 12 qızıl medal rekordunu geridə qoyub. Beləliklə, türkiyəli idmançı Avropa çempionatları tarixində ən çox qızıl medal qazanan yeganə güləşçi kimi adını tarixə yazdırıb.

Qeyd edək ki, Rıza Kayaalpin möhtəşəm çempionluq seriyası 2010-cu ildə Bakı şəhərində keçirilən Avropa çempionatında qazandığı ilk qızıl medalla başlayıb.

Məlumat üçün bildirək ki, tarixi qələbədən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan güləşçiyə zəng edərək onu təbrik edib. Dövlət başçısı bu uğurun Türkiyə idmanı üçün böyük qürur mənbəyi olduğunu bildirib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər