media-img_4315

Masazır Qurtuluş-93 yaşayış massivinin sakinləri Patrul.az redaksiyasına müraciət edərək kompleksdə uzun illərdir həllini tapmayan ciddi kommunal problemlərdən narazılıqlarını bildiriblər. Onların sözlərinə görə, kompleksdə istilik sistemi işləmir, qaz təchizatı isə hələ də aktiv deyil. Bu isə qış aylarında yüzlərlə ailəni çətin vəziyyətdə qoyur.

Şikayətçilər qeyd edirlər ki, kompleks tikilərkən sakinlərə qazın və istilik sisteminin qısa müddətdə veriləcəyi vəd olunub. Lakin sakinlərin arasında 5 ildir, 10 ildir, hətta 15 ildir bu xidmətləri gözləyənlər var. Mənbəmiz bildirir ki, verilən sözlər hər dəfə “tezliklə olacaq” vədi ilə uzadılır, amma real iş görülmür.

İddialara görə, kommunal ödənişlər də qaydalara uyğun toplanmır. Sakinlər deyirlər ki, ödənişlər kupça əsasında deyil, qeyri-şəffaf formada yığılır. Ödənişi sorğulayan və ya gecikdirən sakinlərə cərimələr tətbiq edilir, onlara heç bir rəsmi arayış, qəbz və ya sənəd verilmir.

Sakinlər bildirirlər ki, şikayətlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etsələr də, onlara kompleksin xüsusi müəssisə olduğu səbəbilə “məhkəməyə verin” cavabı verilir. Bu isə problemin illərlə uzanmasına gətirib çıxarır.

Qurtuluş-93 sakinlərinin sözlərinə görə, bütün bu özbaşınalıqlar nəticəsində yüzlərlə ailə normal kommunal xidmətlərdən məhrum vəziyyətdə yaşayır. Onlar məsul qurumlardan və kompleks rəhbərliyindən problemin köklü şəkildə həllini tələb edirlər.

Patrul.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Günay Salayeva


Bənzər xəbərlər